Böyük Britaniyanın London Universitetinin nəzdindəki Qoldsmit kollecinin tələbəsi Hadil Ayub jestlər dilindən ifadələri tərcümə etməyə imkan yaradan əlcək hazırlayıb.
“Jestlər dili əlcəyi” (SignLanguageGlove) tərcüməçi-əlcək prototipi Arduino adlı quraşdırılmış mikrokompyuterin köməyi ilə idarə olunur. Əlcəyin hər barmağında onun hərəkətini izləyən sensor quraşdırılıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, idarəedici blok SignLanguageGlove əlcəyinin hər beş barmağından, həmçinin əlin yerdəyişməsini izləyən akselerometrdən daxil olan məlumatları toplayır. Bütün hərəkətlər kompyuter tərəfindən qeydə alınır və mövcud məlumat bazası ilə müqayisə edilir. Jestlər əsasında yığılmış mətn ekranda nümayiş etdirilir və ya qurğunun dinamiki vasitəsilə səsləndirilir.
Gələcəkdə SignLanguageGlove-un yaradıcısı əlcəyi Wi-Fi-ın köməyi ilə smartfonla sinxronlaşdırmaq niyyətindədir. Bu, SignLanguageGlove-un tərcüməçi-proqramlarla sinxron işini reallaşdırmağa imkan verəcək, jestlər dilində danışan insana praktik olaraq istənilən dildə ünsiyyət imkanı yaradacaq.