Bakıdakı Cin məscidi ilə bağlı qeyri-adi hadisə… - Foto

Bakıdakı Cin məscidi ilə bağlı qeyri-adi hadisə… - Foto backend

İçərişəhərdə qeyri-adi bir məscid var. Haqqında köhnə bakılılar arasında rəvayətlər dolaşır. Bu dini ibadət yeri “Cin məscidi” kimi qeydiyyata alınıb. Qeyd edim ki, onu çox vaxt Çin məscidi ilə səhv salırlar. Qazi Fəzlullah bin Osman məscidi və ya Çin məscidi tamam başqa bir tikilidir.

Cin məscidinin dünyada Məkkə şəhərindən sonra ancaq Azərbaycanın qədim şəhəri Bakıda olması diqqət çəkir. Məkkədə yerləşən Əl-Cin məscidi bu şəhərdəki məşhur və qədim məscidlərdən biri hesab olunur. Məscidin “Əl-Cin” adlandırılması isə Quranda olan “Cin” surəsi ilə bağlıdır. Cin məscidi Məkkədə Cənnətül-Müəlla məzarlığından Məscidül-Hərama gedən yolun sağında yerləşir. Bu yer “Fərhadiyyə” adlanır və Məscidül-Həramdan 2 km şimaldakı təpəlikdədir.

Burda sual ortaya çıxır: Məkkədən sonra Bakı şəhərində, qədim İçərişəhərdə bu adla məscidin tikilməsi nəyə lazım idi?

Qeyd edim ki, İçərişəhərdə bir tikili var, çox heyf ki, sovetlər orda olan, fikirimizi təsdiq edən abidələri söküb, əşyaları dağıdıb, amma bu yer Məkkənin alternativi idi. İslamın dəyərli alimləri Məkkəni ziyarət etmək üçün uzaq yol əziyyətinə qatlaşa bilməyənlərə Bakıda, İçərişəhərdə yerləşən bu yeri ziyarət etməyi tövisyyə ediblər. Məncə, Məkkə rəhbərlərinin Bakı şəhərində alternativ tikililərə şərait yaratmasında buranın xüsusi mistikasının olması ilə yanaşı, Məkkənin Şərq və Qərb qapılarının Peyğəmbər (s) dövründən təyin edilən iki azərbaycanlı hakiminin də rolu olub. Bu iki azərbaycanlının ailəsi Səudlar hakimiyyətə gələnə qədər qədim Məkkənin hər iki qapısına nəzarət edilən sistemin hakimləri olublar. Məhz Cin məscidinin Məkkədən sonra Bakıda olması da bu səbəblə bağlı ola bilər.

Məscid Şirvanşahlar saray kompleksinə daxildir, Şərq darvazasının aşağı hissəsində yerləşir. Məscidin fasadı üzərində epiqrafik yazı mövcud deyil. XVI əsrdən etibarən isə məhəllə məscidi rolunu oynamışdır. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir.

Məscidin portalı klassik formaya malikdir, xarici fasadı və interyeri yaxşı tərtib olunmuşdur. Onların bəzək elementləri giriş və pəncərə aşırımlarının sadə şəkildə haşiyə, seyrək yerləşdirilmiş ornamentli medalyonlardan təşkil edilmişdir.

Çox maraqlıdır ki, Qurani-Kərimdə “Məscidlər (məbədlər) Allaha məxsusdur” sözləri məhz “Cin” surəsinin 18-ci ayəsində qeyd edilir. Mistika axtarmıram, sadəcə maraqlı görünür.

Məscidi incələyən zaman bir neçə yaşlı içərişəhərli ilə həmsöhbət oldum. Onlar bu günə qədər təmir olunmasına baxmayaraq, məscidin açılmamasından narazılıq etdilər. Yaşlı insanlar uzun zamandır bu kiçik, lakin tarixi məscidin qapalı qalmasının səbəbini də bilmirlər. Əliağa Vahidin heykəlinin yanında yerləşən bu qədim tikiliyə baxıb incələdiyim zaman yerli sakinlərdən belə bir əfsanə eşitdim:

“Bakıda sovet dövründə bir vətəndaş bu məscidin axşam yanından keçəndən sonra evə gəlir, təcili yardım çağrılır onun üstünə. Polis ifadə alan zaman qadın belə deyir: “Axşam işdən qayıdırdım və bu məscidin yanından keçdim və bir növ gülüş səsi eşitdim. Kiçik bir pəncərə vardı, ora baxdım, cinləri gördüm”.

Bu hadisədən sonra yerli sakinlər Bakı Sovetinə müraciət edirlər ki, məscidi söksünlər. Lakin o, qorxusundan sökməyib ki, cinlər ona ziyan vurar”.

Əlbəttə, bu, rəvayətdir və təsdiqini tapmayan hekayədir.

Qaynaqlarda və arxivlərdə məscid barədə məlumat çox azdır. Məscid Fəddalah İmam Osman Şirvani oğlu tərəfindən Bakıda tikilib. Təxmini tikilmə tarixi 1375-ci ilə təsadüf edir. 1772-1773-ci illərdə təmir edildiyi üçün onun tarixini məhz XVI-XVII əsrdən götürürlər.

 

 

Diaspora