Beylor Universitetinin alimləri müəyyən edib ki, smartfonlar sevgililər arasında münasibətlərə ziyan vura bilər.
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, buna səbəb “fabbinq” adlanan zərərli vərdişdir. “Fabbinq” hətta lazım olmayan vaxtlarda belə telefona baxmaq vərdişidir.
Alimlər aparılan bir sıra təcrübələr əsasında müəyyən edib ki, smartfonlar və digər mobil avadanlıqlar sevgililər arasında olan münasibətlərə olduqca neqativ təsir göstərir. Məlum olub ki, “fabbinq” son zamanlar olduqca çox geniş yayılmış haldır. Yəni insan mütəmadi olaraq səbəbsiz yerə telefona ehtiyac duyur. Bununla da o, öz tərəfdaşına məhəl qoymur, onu təhqir etmiş olur.
453 nəfər könüllünün iştirak etdiyi araşdırmanın nəticələrinə görə, smartfon sahiblərinin 46,3 faizi öz avadanlıqlarını mütəmadi əllərində və ya yaxınlıqda saxlamağa öyrəşiblər. Yaxud onlar ehtiyac olmadığı halda belə, smartfonun displeyinə baxmağa vərdiş ediblər. Bu vərdiş cütlüklərə neqativ təsir göstərir və onların ünsiyyət səviyyəsini aşağı salır.
Sınaqdan keçənlər özləri isə qeyd edib ki, telefon çox vaxt sevgililər arasında münaqişələrin yaranmasına səbəb olub. Onlardan 36 faizi bildirib ki, bu zəmində yaranan mütəmadi mübahisələrdən ciddi depressiyalara düşüblər.