İndiyə qədər “EuroNCAP” tərəfindən həyata keçirilən qəza testlərindən bəzilərini sizinlə paylaşmışdıq. Lakin bu dəfə “Mercedes” öz iki elektrikli avtomobilinin qarşı-qarşıya toqquşdurmaqla dünyada bir ilkə imza atıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Mercedes-Benz” elektromobillərin təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün belə bir yol tutub.
Məqsəd batareya ilə bağlı narahatlıqları aradan qaldırmaq olub.
Elektrikli avtomobilləri tənqid edən bəzi şəxslər nəqliyyat vasitələrinin akkumulyatorlarının qəza zamanı sərnişinlərə və xilasetmə qruplarına zərər verə biləcəyini bildiriblər.
Bu iddianı təkzib etmək üçün “Mercedes-Benz” EQA və EQS adlı iki elektrikli yolsuzluq avtomobili qəzaya uğradılıb.
Elektrikli avtomobillər üz-üzə 56 km/saat sürətlə üz-üzə çarpışdırılıb. Testin nəticələrinə görə, avtomobillərdə ciddi və ya ölümcül yaralanma riskinin aşağı olduğu göstərilib.
Sınaq nəticəsində qapıları açmaq mümkün olub və sərnişinlərin avtomobildən çıxmasına imkan yaradılıb.
Bundan əlavə, sınaq nəticəsində avtomobillərin akkumulyatorlarında yanğın baş verməyib.
Firuzə Alimova
QAZİLER.AZ