BYD-nin premium markası “YangWang” suda 30 dəqiqə üzə bilən “U8” adlı yeni avtomobilini təqdim edib.
Qaziler.az xəbər verir ki, ənənəvi avtomobillərə meydan oxuyan “U8”in hər təkərində elektrik mühərriki var və beləliklə, öz istifadəçisinə 880 kVt (1197 at) güc təklif edir.
Lakin avtomobildə diqqəti cəlb edən yeganə şey gücü deyil.
Açıqlanan məlumata görə, fövqəladı hallarda, qəza zamanı avtomobil 30 dəqiqə suda üzə bilir.
SUV modelinin standart versiyası 1 metr dərinliyə qədər sudan keçə bildiyi halda, “Offroad Master Edition” versiyası 1,4 metrə qədər daha dərin sulardan keçə bilir.
Avtomobil suya girəndə özünü və içindəki sərnişinləri qorumaq üçün “Yacht Mode”u aktivləşdirir. Bu rejim bort sensorlarından istifadə edərək asqıları avtomatik qaldırır, benzin mühərrikini söndürür, ventilyasiya sistemini resirkulyasiya rejiminə keçirir, bütün pəncərələri bağlayır və lyuku açır, sərnişinlərə qaçış yolunu təklif edir.
Şirkət bildirir ki, avtomobil bu rejimdə 30 dəqiqə ərzində saatda 3 km sürətlə su üzərində hərəkət edə bilir.
Tədarükləri oktyabr ayında başlayacaq “YangWang U8”in qiyməti 1.089.000 yuandan, yəni təxminən 149 min dollardan başlayır.
QAZİLER.AZ