“iPhone 14” və “iPhone 14 Pro” sahibləri telefonların enerjisinin tez bitməsindən şikayət etməyə başlayıblar.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bu “iPhone” modelləri 16 sentyabr 2022-ci ildə satışa çıxarılıb. Telefonların satışa çıxarılmasından hələ bir il keçməsə də, artıq onlarda batareya problemləri yaranıb.
Batareyanın köhnəlməsi istənilən smartfonda baş verə bilər. Ancaq “iPhone” modellərində bir ildən az müddətdə belə bir problemin yaranması istifadəçilərin sərt reaksiyasına səbəb olub.
Bəzi istifadəçilərin bildirdiyinə görə, maksimum batareya tutumu cəmi 10-11 aylıq istifadədən sonra 90 faizə düşüb. Hətta bu dəyərin 87 faizə düşdüyünü bildirən istifadəçilər də var.
Bəs, bunun səbəbi nədir?
Analitiklərin fikrincə, batareyanın ömrünün azalması həddindən artıq isti hava ilə əlaqələndirilə bilər. İsti hava telefon batareyalarına mənfi təsir göstərir. Çünki onların performansı temperatur dəyişikliklərinə qarşı həssasdır.
Yüksək temperatur batareyanın kimyəvi reaksiyalarını sürətləndirir. Bu da batareyanın tutumunu azaldır.
Temperatur dəyişiklikləri batareyanın hüceyrələrinə gərginlik yaradır. Bu da batareyanın ömrünü qısalda bilər. İsti havaya məruz qalan batareyalar daha tez xarab olur və onlar dəyişdirilməlidir.
Bu səbəblərə görə telefonunuzu yüksək temperatur şəraitində mümkün qədər qorumaq lazımdır. İsti havalarda, günəş işığının təsiri olduğu yerlərdə daha az istifadə etməyə səy göstərin.
Həmçinin, bəzi analitiklərin fikrincə isə “iPhone”larda smartfonun şarjının sürətlə azalmasının səbəbi onların keyfiyyətsiz batareya ilə təchiz olunmasıdır.
Bildirilir ki, “iPhone”larda batareyanın tutumu 80 faizdən aşağı düşən zaman istifadəçilər onu dəyişdirməlidir.