Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Qaziler.az "Report"a istinadən xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının üç rənginə (mavi, qırmızı və yaşıl) boyanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər.
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistin və yerli sakinlərin diqqətini çəkib. Onlar şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdiriblər. ACMA-nın üzvləri ziyarətçilərə Azərbaycanın Müstəqillik Günü barəsində məlumat veriblər.
Qeyd edək ki, Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlanacaq.