Dünyaca məşhur “The Last of Us” serialında adı keçən zombi göbələyi son günlər gündəm olub. Xüsusilə, izləyicilər tərəfindən serialdakı kimi göbələk epidemiyasının olub-olmayacağı maraqla qarşılanıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, artıq zombi göbələyinə İstanbulda rast gəlinib. Belə ki, İstanbulun Samandıra meşəsində aparılan araşdırmalardan sonra “Cordyceps militaris” göbələyi tapılıb.
Məlumdur ki, göbələklər kordisepslərin farmakoloji xüsusiyyətlərinə görə min illərdir Çin ənənəvi təbabətində mühüm yer tutur və bu göbələk ailəsi 400-dən çox növlə ən çox çeşidə malik olan cinsdir.
Ənənəvi Çin təbabətində şəfa mənbəyi kimi istifadə edilən bu göbələklər Himalay dağlarında, Tibetdə yüksək yerlərdə bitir. Xüsusilə Hindistan və Çində qida olaraq istehlak edilən bu göbələklərin sidik kisəsi xərçəng hüceyrələrinin çoxalmasının qarşısını aldığı məlum olub.
Bundan əlavə, bu göbələkdə böyrək və qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunan maddələrin olduğu məlumdur.
Serialda bəşəriyyətin sonunu gətirən bu növ göbələklərin həqiqətən belə bir epidemiyaya səbəb olub-olmayacağı maraq doğurur. Verilən açıqlamalara görə, bu, elmi cəhətdən mümkün deyil. Məlumdur ki, kordiseps göbələkləri 25 dərəcədən yuxarı inkişaf edə bilmir. Buna görə də insan və məməlilərin bədənində inkişaf etməsi qeyri-mümkündür.
QAZİLER.AZ