Bu gün səhər saatlarında Berlin hava limanında "Əhməd haradadır?" filmindəki çamadanların itməsi epizodunu xatırladan maraqlı hadisə baş verib.
Belə ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə Bakıdan Berlinə uçan azərbaycanlı qadınla digər Azərbaycan vətəndaşının baqajda çemodanları səhv düşüb. Berlin ətrafında yaşayan rəfiqəsigilə qonaq gedən xanım çemodanı açarkən rəfiqələri üçün apardığı Azərbaycan məhsullarının yerinə başqa mənzərə ilə qarşılaşır. Çamadanı bağlayaraq yenidən xeyli uzaqda olan aeroporta qayıtmalı olurlar. Xoşbəxtlikdən çemodan tapılır...
Deyəcəksiniz ki, burada maraqlı nə var; çemodanların dəyişik düşməsi nadir hadisə deyil. Maraqlı odur ki, azərbaycanlı xanım da rəfiqələrinə Azərbaycan nemətləri olan dadlı meyvələr aparırdı. Qürbətdə yaşayan azərbaycanlı üçün gülöyşə nar, Quba alması, ətirli heyva əvəzsiz nemətdir axı. Dünyanın harasında olursansa ol, vətənimizin meyvələrinin, ərzaqlarının dadından tapa bilməzsən. Uzaqda olanlar bunu daha yaxşı hiss edirlər...
Xanımla çemodanı səhv düşən həmin şəxs də yəqin ki, "Əhməd haradadır?" filmindəki Yusif kimi çaşbaş qalıb...
Arzu SƏLİM
QAZİLER,AZ