Avqustun 24-də dünya üzrə “Facebook” sosial şəbəkəsinə daxil olanların sayı ilk dəfə olaraq 1 milyard nəfər təşkil edib.
İKT.lent.az-ın xəbərinə görə, bunu özünün “Facebook” səhifəsində sosial şəbəkənin qurucusu Mark Zukerberq açıqlayıb. “Bazar ertəsi Yerin hər 7 sakinində 1-i öz dostları və ailə üzvləri ilə əlaqə saxlamaq üçün “Facebook”dan istifadə edib”, - deyə o, yazıb. M. Zukerberq bütün istifadəçilərə təşəkkür edib: “Bizim qrupumuz hər insana səs hüququ verməyə tərəfdardır”.
M. Zukerberqin sözlərinə görə, avqustun 24-də baş vermiş hadisə belə miqyasda ilk nailiyyətdir, eyni zamanda, bu, bütün dünyanın birləşdirilməsi prosesinin yalnız başlanğıcıdır. “Facebook” qurucusu qeyd edib ki, onun məhsulu insanlar arasında anlaşmanın əldə olunmasına yardımçı olur və hər kəsə müasir dünyanın imkanlarını təqdim edir.
Xatırladaq ki, 2013-cü ilin avqustunda M. Zukerberq “İnternet.org” adlı fond yaradıb. Bura “Ericsson”, “Nokia”, “Samsung”, “Opera Software”, “Qualcomm” və bir sıra digər şirkətlər daxildir. Fondun əsas məqsədi dünya üzrə 5 milyard insana pulsuz internet imkanı bəxş etməkdir.