Türkiyənin Dənizli şəhərində qəribə oğurluq hadisəsi baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ramazan bayramında girdiyi evdə: "Yalnız lazım olanı aldım. Allah sizə daha yaxşılarını versin" yazan oğru evdən götürdükləri ilə kifayətlənməyərək, qiymə ilə yumurta bişirib yeyib, sonra da duş alaraq evi tərk edib.
Dənizlidə yaşayan Levent Karademir Ramazan bayramında həyat yoldaşı və 2 uşağı ilə birlikdə məmləkətləri Burdura tətilə gedib. Mayın 8-də tətildən qayıdan Karademir ailəsi evə oğrunun girdiyini görüb və polisə xəbər verib.
Polis evdən: "Yalnız lazım olanı aldım. Allah sizə daha yaxşılarını versin" yazılı qeyd kağızını tapıb.
Evdə əşyalarını yoxlayan Karademir onun noutbuku, iş paltarı və alt paltarlarının, həyat yoldaşına məxsus qış geyimlərinin oğurlandığını müəyyən edib. Polis evdə barmaq izi ilə axtarış aparıb. Karademir aşağı mərtəbəni yoxlayanda oğrunun özünə yumurta hazırladığını və duş qəbul etdiyini görüb.
Karademir: "Əvvəllər evdə tək qala bilən uşaqlarım indi o biri otağa belə tək gedə bilmirlər. Psixologiyaları pisləşib. Heç olmasa kompüterimi geri gətirsin, çünki orada övladlarım və 12 illik evliliyimizə aid şəkillər vardı. Kompüteri geri gətirsə, şikayətimi geri götürəcəm" -deyə bildirib.