Bu ilin ikinci rübündə planşetlərin qlobal tədarükü azalmaqda davam edib. “Canalys” analitik şirkətinin məlumatına görə, illik hesablama üzrə tədarük göstəricisi 11 faiz azalaraq 42,5 milyon təşkil edib. Beləliklə, üç illik kəskin artımdan sonra planşet bazarında indi durğunluq dövrü yaşanır.
AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər verir ki, ekspertlər dünyanın bütün ölkələrində planşet tədarükünün azaldığını bildiriblər. Hesabata əsasən, bu ilin aprel-iyun aylarında ən çox planşet (10 milyon) ABŞ-da tədarük edilib. Çində 6 milyondan çox və Böyük Britaniya ilə Yaponiyada 2 milyon, Braziliyada isə təxminən 1,5 milyon planşet tədarük olunub. Dünya üzrə planşet tədarükünün yarısı qeyd olunan bu beş ölkənin payına düşüb.
“Canalys” şirkətinin baş analitiki Tim Koulinq bildirib ki, istehlak sektorundan fərqli olaraq biznes sektoru tədricən planşetlərin kütləvi tətbiqinə keçir. Korporativ istifadəçilər onların spesifik ehtiyacını təmin edən və lazımi tələblərə cavab verən qurğulara pul xərcləməyə hazırdırlar.