Bakı Dövlət Universitetinin doktorantı Məmmədhüseyn Fərzəliyev maraqlı bir qurğu ixtira edib. Onun ixtirası sayəsində işığı, televizoru və s. məişət texnikalarını uzaqdan səslə idarə etmək mümkündür.
Bu barədə Axar.az-a Məhəmmədhüseyn Fərzəliyev özü məlumat verib.
Onun sözlərinə görə, qurğu həm Azərbaycan, həm də rus dilində sözləri başa düşür. Bu qurğu ilə 18 komanda vermək mümkündür (işığı yandırıb söndürmək - ikisi bir yerdə bir komanda sayılır).
“Ancaq bu komandaların sayını 36-ya qədər artırmaq da olar. Bu qurğunu nəinki ağıllı ev sistemində, həmçinin istənilən növ texnikanın səs ilə idarə olunmasında istifadə etmək olar. Bizim ixtiramızın xarici ölkələrdəki qurğulardan əsas fərqi ondan ibarətdir ki, bu qurğu internet olmadan və yüksək səs çıxarmadan da işləyə bilir. Qarşıdakı həftələrdə bizim bir neçə ixtiramız da olacaq”, - M.Fərzəliyev deyib.