Azərbaycanın komanda oyunlarında nəzərəçarpacaq uğur qazanmaması müxtəlif səbəblərlə izah olunur.
Bəzi müşahidəçilər bunu psixoloji amillərlə əlaqələndirirlər. Onların fikrincə kollektiv şəkildə meydana çıxan idmançılarımız çox vaxt bir-birlərinin uğurunu qısqandıqları üçün qələbə qazana bilmirlər. Loru dildə desək, söhbət azərbaycanlı idmançıların bir-birini ayağından çəkməyindən gedir. Folklorumuzda bu mövzuda çoxsaylı lətifə var.
Doğrudanmı azərbaycanlılar bir-birini ayağından çəkir? Bu fikrin cəmiyyətin müəyyən təbəqələrində yer etməsinin səbəbi nədir?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, məsələnin kökünə ensək görərik ki, bu əslində ailədən gələn bir problemdir.
O qeyd edib ki, ailələr övladlarını tərbiyyə edərkən müqayisəli şəkildə kimisə misal çəkərək böyüdürlər:
"Nəticədə uşaqların içində paxıllıq duyğusu qabarır. Bu prosses təhsil ocaqlarında da davam edir. Yalnız evdə olan bir müqayisələndirmə deyil. Fərd artıq ailə insitutundan çıxır və yeni bir çevrəyə düşür. Burda da müqayisə edilir və “komanda ruhu”, “birgəlik”, “bizim üçün” ifadələri deyil, “özün üçün”, “özünə görə” yanaşmaları təlqin olunur. Bu mühitdə böyüyən birindən komanda ruhunu gözləməyimiz çox absurd olar. Bəlkə də, yetkin formada onlar dərk edirlər ki, komanda ilə birgə oynamalıdırlar. İçlərində onları idarə edən düşüncə var: “Mən özüm üçün oynamalıyam.” İlkin fikirlər necə qurulubsa, biz çətin vəziyyətə düşəndə o fikirlər ön plana keçir. “O kimdir ki o qolu vursun, mən edə bilmirəm bunu və ya məndən artıqdır o” kimi düşüncələr daha ön plandadır. Bu düşüncələr o tip insanlarda artıq mən konsepsiyasını aktuallaşdırmaq uğrunda mübarizə apardığını göstərir.”
Psixoloq qeyd edib ki, bu hal kollektiv oyunlarda uğur qazanılmasını çətinləşdirir:
“İndiki dövrdə mən deyərdim ki, artıq bu hallar nadirən baş verir. İnsanlar artıq fərqindədir ki, bu düzgün deyil və bunu özlərində tərbiyyə etməyə çalışırlar. Bu nə qədər uğurludur, bunu oyun zamanı görmək mümkündür.
Yaxşı olardı ki, bundan sonrakı nəsildə bunların fəsadlarını yaratmamaq üçün ailə insitutlarında və ya tədris ocaqlarında müqayisələr yığışdırılsın. Kollektiv qiymətləndirmə aparılsın. Məsələn, tədbirlər zamanı biri önə atılır digəri geridə qalır, olmazmı ki, kollektiv iş olsun”.