Gələcəyin necə olduğunu görmək çoxlarının arzusudur. Bunu etmək üçün milyonlar verməyə hazır olanlar və rəsmiləşdirənlər var. Gələcəyi görmək istəyənlərin böyük əksəriyyətində bu istək bu gün tibb elminin çarə bula bilmədiyi xəstəliklərə yaxalanmalarıdır. Onlar gələcəkdə “dirilmək” və müalicə almaq istəyənlərdir.
Dünya üzərində 4 kriokonservasiya mərkəzi var. Üçü Amerikada, biri Rusiyada. Alkor, Kionika İstitutu, KrioRus, TransTime insanlara gələcək üçün ümid satırlar. Belə şirkətlərin yenilərinin fəaliyyətə keçəcəyi də gözləniləndir, hazırlıqlar gedir. Gələcəkdə yenidən yaşamaq ümidi ilə bu gün 200-dən çox insan bədənini donduraraq anabioz halına gətizdirib. Onların arasında bir Türkiyə vətəndaşı da var. 2 min insan isə öncədən 1,5 milyon lirə ödəyərək vaxtı gəlində dondurulacağı günü gözləyir. Anabioz halına gətirilmək istəyənlər arasında tanınmış repçi Kanya Vest və aparıcı Saymon Kavl da var. İnsanlar adətən, mənfi 196 dərəcə temperatura malik kapsulalarda qorunub saxlanılırlar.
Bəs öncədən pulunu ödəyib, gələcəkdə dondurulmaq istəyən şəxsi necə tanımaq olar?! Harda, necə öləcəyi bəlli deyil axı. Bunun üçün həmin adamların biləklərinə ad, soyadı bildirən və ölüncə ətrafındakı şəxslərin onun baş hissəsini buzluğa qoyması barədə xəbərdarlıq edən bilərzik taxılır. Ölən şəxs dərhal ən yaxın xəstəxanaya çatdırılır və həkimlər gərəkən addımları özləri edirlər. Ölən şəxs Krionika mərkəzinə çatdırılır və dərhal dondurulma əməliyyatına alınır. İlk olaraq damarlarındakı bütün qanı çəkir və onun yerinə buzlanmanı önləyən kimyəvi maddə yeridilir. Sonra buzxanada 5 gün ərzində tədricən dondurulur, son olaraq - mənfi 196 dərəcədə sabitlənir. Soyutma tamamlandıqdan sonra içərisində nitrogen olan kapsullara yerləşdirilirlər. Bütün bədənini dondurmağa gücü yetməyən şəxslərin yalnız başı dondurula bilir. Bunun üçün təxminən 250 min dollar vermək gərəkdir.
Alcor (Alcor Life Extension Foundation) qeyri-kommersiya təşkilatı dünyada kriokonservasiyanı həyata keçirən ilk firmadır. “Krionika” yunanca “soyuq, şaxta” deməkdir. İnsan və ya başqa canlı varlıqların öləndən sonra dondurularaq saxlanılmasına və gələcəkdə ehtiyac yaranarsa, dirildilməsinə deyilir. Hələ ki, müasir kriokonservasiya metodları birtərəflidir: dondurulan insan və ya heyvanları ayıltmaq mümkün deyil. Buna görə əməliyyat yalnız beynin ölümü hüquqi cəhətdən təsdiqlənəndən sonra aparılır. Bununla belə, laboratoriyalarda heyvanların üzərində aparılan bəzi təcrübələr müsbət nəticələr verib. 1955-ci ildə Ceyms Lovlok sıfır dərəcədə dondurulmuş siçanları canlandıra bilib. Dünyada ilk kriokonservasiya olunan insan psixologiya üzrə professor Ceyms Bedforddur. 73 yaşlı professorun bədəni özünün razılığı ilə 12 yanvar 1967-ci ildə, öləndən bir neçə saat sonra kriokonservasiya olunub. 1991-ci ildə bədənə yeni kapsula qoyulub və bu zaman aparılan analizlər heç bir neqativ dəyişikiyin olmadığını göstərib. Professorun bədəni hazırda Alcor firmasında mühafizə edilir.
Təxminən 50 il öncə ölən professor bəlkə də 2000-ci illərdə yenidən həyata qayıdacağını gözləyirdi. Əbədi həyat isə hələ ki öz sirrini insana açmayıb. Heç kim ölməyib, hamı yaşamaq istəsəydi, Yer kürəsinin buna gücü yetərdimi? Bu gün 8 milyardlıq əhalinin süni surətdə azaldılması barədə “komplo teorisi”nin baş alıb getməsi təsadüf deyil. İnsan həyatını planlaşdıranlar yəqin ki, gələcəkdə dirilən insan kütlələri ilə qarşılaşmaq istəməzlər.
Bəs siz necə, heç düşündünüzmü, heç tanımadığınız yeni dünyada, yeni əsrdə yad və yetişkin insan kimi yenidən “doğulmaq “ istəyərdinizmi?
Bizimyol.info