Bu ilin ikinci rübündə Facebook sosial şəbəkəsinin gəlirləri 9 faiz azalıb.
QAZİLER.AZ saytının məlumatına görə, AZƏRTAC şirkətin hesabatına istinadla xəbər verir ki, sosial şəbəkə mobil cihazlar üçün məhsulların hazırlanmasına ikinci rübdə böyük miqdarda sərmayə yatırıb. Belə ki, 3 ay ərzində Facebookun xərcləri 82 faiz artaraq 2,77 milyard dollara çatıb.
İkinci rübdə mobil reklamdan əldə olunan gəlirlər ümumi reklamın 76 faizini təşkil edib ki, bu da 3,8 milyard dollardan artıq olub. İyunda gündəlik aktiv istifadəçilərin sayı ötən illə müqayisədə 17 faiz yüksələrək 968 milyon nəfər təşkil edib. Eyni zamanda gündəlik mobil istifadəçilərin sayı ötən ilə nisbətdə 29 faiz artıb və 844 milyona çatıb. İyunda Facebooka 1,49 milyard nəfər daxil olub. Mobil cihazlar vasitəsilə bu sosial şəbəkədən 1,31 milyard nəfər istifadə edib.
Hazırda Facebookun ümumi dəyəri 276 milyard 400 milyon dollardır.