Ankarada boş ərazidə məzar olduğu barədə məlumat alan polis hərəkətə keçib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, polisin araşdırması zamanı üzərində "İnsanlıq ölmüş" yazılan məzarın Ankaranın Sincanlı rayonundan olan bir əsnafın ətrafındakı insanlara özünün sərt reaksiyasını bildirmək üçün atdığı addım olduğu ortaya çıxıb.
Ankaranın Sincan rayonunda boş ərazidə məzar olduğu ilə bağlı məlumat alan Sincan Polis İdarəsi əməkdaşları əməliyyat keçirib. Boş ərazidə üzərində "İnsanlıq ölmüş" yazılan məzar polis əməkdaşları tərəfindən açılıb və onun boş olduğu məlum olub.
Sonradan məzarı kimin qazdığı ortaya çıxıb. Məzarı sosial mediada paylaşan Sincan rayonunda dükan sahibi olan Uğur Akgül adlı şəxs polis idarəsinə gedərək məzarı onun qazdığını bildirib. Polis tərəfindən sorğuya alınan Uğur Akgülün prokurorluqda ifadəsinin alınacağı bildirilir.
Akgül məzar qazmasını belə izah edib: "Ətrafımdakı bütün insanlara qəzəbləndim, "insanlıq ölmüş" dedim. Beləcə də sosial video çəkməyə qərar verdim. olayın polis tərəfindən araşdırıldığını eşitdim. Polis məzarın boş olduğunu görüb məni ifadə verməyə çağırdı".
"Torpağı qazıb insanlığı basdırdım", - deyən Akgül: "Kimsənin kimsəyə sayğısı, sevgisi qalmamış, ona görə də ən yaxşısı insanlığı dəfn etməkdir, dedim və dəfn etdim" - söyləyib.