Stalinin Hitlerin intihar xəbərinə reaksiyası: “Əclaf çox oynadı...”

Stalinin Hitlerin intihar xəbərinə reaksiyası:  “Əclaf çox oynadı...” backend

Məğlubiyyətinin bir addımlığında olanda, Adolf Hitler onu hansı aqibətin gözləyəcəyini dərk edərək bəlkə də ən düzgün yolu seçib – intihar yolunu. Fürer yaxşı anlayıb ki, ələ keçəcəyi təqdirdə İosif Stalinin qisası amansız olacaq. Beləliklə də o, 30 aprel 1945-ci ildə öz qərarını verib.

Maraqlıdır ki, Stalin Hitlerin intihar xəbərini necə qarşılayıb, bu xəbəri ona birinci kim verib?

1945-ci il aprel ayının 30-dan may ayının 1-nə keçən gecə, saat 3-4 radələrində Almaniya ordusu quru qoşunlarının baş qərargah rəisi general Hans Krebs Berlində dislokasiya olunan 8-ci qvardiya ordusunun qərargahına yaxınlaşıb və həmin ordunun komandanı, general Vasili Çuykovla görüş xahiş edib. Çuykov alman “həmkarı” ilə görüşdən imtina etməyib.

Hans Krebs bu görüşdə vasitəçilik missiyasını həyata keçirib, Göbbels və Bormanın tapşırığını yerinə yetirib. Hans Krebs rus dilində danışa bildiyi üçün onu generalın yanına göndəriblər. Onun görüşü iki məqsəd daşıyıb. Birincisi, Adolf Hitlerin ölümü ilə bağlı məlumat vermək, ikincisi sülh danışıqlarının razılığını almaq.

Görüş haqqında Vasili Çuykov öz xatirələrində yazıb:

“Mən Hans Krebsi yaxşı tanıyırdım. O, həm hərbçi idi, həm də hiyləgər  diplomat. Məsələlərə özünəməxsus yanaşma tərzi var idi. Onun gecə saat 3-4 radələrində mənim yanıma təşrif buyurması ciddi məsələlərdən xəbər verirdi. İçəri keçən kimi mətləbə keçməzdən əvvəl “mehriban” bir giriş etdi. Artıq may ayının 1-i olduğunu bildirdi, qeyd etdi ki, bu gün bütün xalqlar bayram ovqatındadır. Onun bu bayram girişinə,- “Almaniyanı deyə bilmərəm, amma SSRİ-də böyük bayram təntənəsi var”,- deyə cavab verdim. O, əvvəlcə Hitlerin intihar etməsini şifahi bəyan etdi, sonra əlindəki qovluğu uzadaraq İosif Stalinə ünvanlanan müraciəti mənə verdi və izahata başladı ki, Almaniya sülh danışıqlarına getməyi xahiş edir. Mən dərhal Jukova zəng edib Hans Krebsin gəlişini və söylədiklərini ona məruzə etdim. Jukov dedi ki, mən indi Stalinlə danışacam, xəttə qalmağımı xahiş etdi ki, hər hansı bir sual çıxarsa, telefonda aydınlaşdırılsın”.

Beləliklə, gecədən xeyli keçmiş Jukov Stalinə zəng vurub. Həmin zəngi isə Jukov sonralar belə xatırlayıb:

“Müharibənin son vaxtlarında Stalinlə telefon danışıqlarında o məndən tez-tez soruşurdu ki, Hitler haradadır? Nəhayət ki, bu sualın cavabı tapıldı. Bağ evinə zəng vurdum. Mühafizə rəisi general Vlasik dəstəyi götürdü. Stalinlə danışmaq istədiyimi bildirdim:

-Stalinə məruzə edin ki, onunla danışmalıyam.

-Yoldaş Stalin istirahət edir, onu yuxudan oyada bilmərəm.

-Bu təcilidir!

Bir neçə dəqiqədən sonra xəttin o başından Stalinin yorğun səsi eşidildi:

-Georgi Kanstantinoviç, ümid edirəm ki, zənginizin təcili olması cəbhədəki problemlərlə bağlı deyil.

Mən ona Hitlerin intihar etməsini söylədim. Bir neçə saniyə susub dedi:

-Əclaf çox oynadı, heyf ki, sağ tuta bilmədik.

Daha sonra mən almanların sülh danışığı xahişi haqqında məruzə etdim, cavabı qısa və konkret oldu:

-Heç bir sülh danışığından söhbət gedə bilməz. Yalnız qeyd-şərtsiz kapitulyasiya...”

Bu danışıqlar ərəfəsində Hans Krebs Çuykovun kabinetində gözləyib. Çuykov alman generalına anladıb ki, sülh danışıqları haqqında düşünmək ağılsızlıqdır və bildirib ki, bunu Borman və Göbbelsə çatdırsın. Səhər saatlarında Krebs Çuykovun kabinetini tərk edib. O, hələ ümidlərini tam kəsməyərək, iki dəfə əlcək və çantasının qərargahda qalmasını bəhanə edərək onun yanına qayıdıb. Amma general rütbəli ali alman zabiti anlamayıb ki, milyonların həyatına son qoyan müharibənin müəllifləri bağışlanmayacaq. Daha doğrusu, bunu görüş zamanı anlamayıb.

Hans Krebs sovet hərbçilərinin qərargahından çıxdıqdan sonra Hitlerin sahibsiz qalan bunkerinə qayıdıb. O, görüşdə olan söhbətləri heç kimə danışmadan tapançasını ürəyinə tuşlayaraq özünü güllələyib.

İki gündən sonra isə bir-birinin ardınca intihar edən Almaniyanın siyasi və hərbi elitası haqqında alman radiosu məlumat yayıb: “Almaniya xalqının lideri Adolf Hitler əlinə silah alaraq son damla qanına qədər mübarizə aparıb və döyüşlərdə həlak olub...”(musavat.com)

Diaspora