Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edir.
Qazilər.az xəbər verir ki, bu barədə ÜST-nin baş elmi əməkdaşı Sumya Svaminatan bildirib.“COVID-19-dan sağalanların əksəriyyətində immunitet reaksiyası yaranır. Lakin bəzi xəstələrdə bu, elə də güclü deyil. Söhbət xəstəliyi çox yüngül keçirən və bəzən hətta yoluxduğundan xəbərsiz olanlardan gedir. Buna görə də daha əvvəl yoluxub-yoluxmadığınızdan asılı olmayaraq, peyvənd vurdurmağınızı tövsiyə edirik”, - o deyib.
“Müsbət məqam ondan ibarətdir ki, immunitet sistemi analoji antigeni və zülalı tanıyır. Buna görə də əvvəllər yoluxmuşdunuzsa və indi peyvənd olunursunuzsa, bu, sadəcə immunitet reaksiyasını artırıcı rolunu oynayır”, - ekspert bildirib.
Bununla belə Svaminatan ÜST-nin hələ koronavirus infeksiyasına qarşı yaranmış immunitetin nə qədər müddət orqanizmdə qaldığına cavabının olmadığını söyləyib. O, hələlik yalnız böyüklərin aşılanmalı olduğunu, uşaqlarla bağlı testlərin yaxın zamanlarda başlayacağını da sözlərinə əlavə edib.