Bu gün ən çox müzakirə olunan mövzulardan biri də koronavirus vaksinləridir.
Artıq bu gündən Azərbaycan vaksinləşmə prosesinin tətbiqinə başlayıb. Amma geniş ictimaiyyətdə Çinin "SinoVac” şirkətinə məxsus vaksinlə bağlı birmənalı fikir yoxdur.Qeyd edək ki, "SinoVac”ın istehsal etdiyi vaksin üç ölkədə klinik tədqiqatlarda istifadə olunub: Braziliya, Türkiyə və İndoneziya. Müvafiq olaraq effektivlik də 50, 91 və 97 % olub. Tibb mütəxəssisləri bu göstəriciləri heç də qeyri-effektiv saymır. Sadəcə, bu vaksinin ümumi nəticəsinə dair məlumatların dərc edilməməsinə diqqət çəkirlər.
Maraqlıdır ki, Azərbaycan istifadə olunan "SinoVac” vaksinlərinin qiyməti də açıqlanmayıb.
Sfera.az xəbər verir ki, iqtisadçı ekspert Toğrul Vəliyev "SinoVac” vaksinləri ilə bağlı maraqlı məqamlar açıqlayıb.
Ekspertin fikrincə, "SinoVac” vaksinin bir dozasının qiyməti təxminən 30 manat civarındadır:
"Bizimlə eyni tarixlərdə Ukrayna da "SinoVac” vaksinin alınmasına dair qərar verib. Ukraynada vəziyyət bir qədər başqadır. Orada "Lekxim" adlı şirkət çinlilər ilə artıq müqavilə imzalayıb və bu barədə məlumatı da açıqlayıb. Ukrayna artıq "SinoVac” ilə 5 milyon dozun alınmasına dair razılaşma əldə edib. Ukrayna hökuməti isə bu partiyadan 1,9 milyonunu alacaq. Müqaviləyə görə, 1 dozun qiyməti 504 qrivna (və ya 30,49 AZN) təşkil edib. Bir insana 21-28 gün ərzində 2 doz vurulur (yəni 60,98 AZN). Şirkətin məlumatına görə, bu qiymətdən yalnız 15 qrivna (0,91 AZN) onun mənfəətidir. Qalan vəsaitlər birbaşa maya dəyəri kimi hesablana bilər. Əslinə qalsa, Azərbaycana vaksinin Türkiyə vasitəsilə gəldiyini nəzərə alsaq, hardasa bizim üçün də qiyməti 30 AZN civarında olması normaldır. 4 milyon doz isə 120 milyon AZN deməkdir. Koronavirus ilə mübarizəyə dəstək fondunda isə 113 milyon manat yığılıb (onun 5 milyonluq hissəsi artıq COVAX-a xərclənib). Başqa sözlə Fondun bütün vəsaiti vaksinə gedəcək, hətta dövlət büdcəsindən dəstək də lazım olacaq.
Bəs nəyə görə Ukrayna bu vaksini seçib?
Ukrayna şirkəti 4 səbəb açıqlayıb:
1. Təhlükəsizlik (vaksin köhnə qaydalara görə istehsal olunub. Yəni birbaşa olaraq virusu əldə ediblər və onu laboratoriya şəraitində inaktivasiyasını
keçirdiblər (yəni öldürüblər). Misal üçün, poliomelitə, qripə, vəbaya və s. xəstəliklərə qarşı belə tipli vaksinlər istifadə olunur);
2. Effektivlik
3. Vaksinin daşıma şərtləri - misal üçün, Rusiyanın "Sputnik V”-sini daşımaq üçün daim -18C, "Pfizer” üçün isə -70C lazımdır. Normal dərman loqistikası isə +2..+8C arasında daşınma üçün qurulub. Yəni loqistikanı dəyişdirməyə ehtiyac yoxdur. Misal üçün, Rusiyada bununla bağlı problemdir. "Pfizer” isə əlavə konteynerlər ilə təmin olunmağa məcburdur.
4. SinoVac şirkətinin səhmləri ABŞ-da birjada var, heç bir Ukrayna şirkəti isə orada yoxdur - maraqlı səbəbdir.