Ev şəraitində koronavirusdan müalicə necə və kimin hesabına olmalıdır – mütəxəssis rəyləri

Ev şəraitində koronavirusdan müalicə necə və kimin hesabına olmalıdır – mütəxəssis rəyləri backend

“Bəs deyirdilər dərman verirlər. Poliklinikadan bizə dedilər ki, dərman qurtarıb. İndi siz təsəvvür edin. Bir tərəfdən deyirlər, “koronasız”, evdə oturun. O biri tərəfdən də dərman almalıyıq. Düşürük, aptekə həkimin yazdığı dərmanların heç biri yoxdur. Biz nə edək? Evin içində bir-biririmizin ölümünə göz yumaq? Dərdimizi kimə deyək?!”

Bunu Səbirə Babayeva adlı oxucu qəzetimizə yazdığı şikayətində qeyd edib.

“Aptekdə dərman qalmayıb, pandemiya vaxtı bu nə bəladır, düşmüşük. Vitamin C-ni soruşuram, deyirlər yoxdur. Bir aptekdə 7-8 manata olan vitamini 27 manata güclə tapdıq. Tamiflyunu soruşuram, əvvəl 40-50 manata idi, indi 300-400 manata təklif edirlər, o da tapılsa”.

Bunu isə başqa bir şikayətçi Sevda Əliyeva deyir. O, bir neçə gündür xəstələndiyini söyləyir və apteklərdən dərman tapa bilmaməsindən gileylənir: “Nəyə görə apteklərə gələn dərmanları kimsə baha qiymətə satmalıdır. Nə Paracetamol, nə Ergeferon, nə də D vitamini qalıb. Biz indi ölməliyik?!”

Son günlər Azərbaycanda koronavirusa yoluxanların, ölüm sayının artması ölkədə az qala xaos vəziyyətinin yaranmasına səbəb olub. İnsanları hiddətləndirən isə həkimlərin təyin etdiyi dərmanların apteklərdə olmamasıdır. Əksəriyyət həmin dərmanların “işbazlar” tərəfindən baha qiymətə satılmasından şikayətçidirlər. Bəs görəsən, bununla bağlı aidiyyətı qurumlar tədbirlər görürlərmi?

Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyindən münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən deyildi ki, dərmanların satışı ilə Apteklər Şəbəkəsi məşğuldur. Bu məsələ nazirliyə tabe deyil. Nazirlik yalnız ölkəyə daxil olan dərmanların keyfiyyətinə nəzarət edir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Azər Badamov isə bildirdi ki, indiki məqamda bir sıra addımlar atılmalıdır: “Çox təəssüf ki, son günlər koronavirus yoluxmalarnın sayında kəskin artımlar müşahidə olunur. Bu artımlar Azərbaycan səhiyyəsinin gücü daxilində deyil. Gündəlik xəstələnmiş insanların xəstəxanalarda müalicə olunmasında müəyyən problemlər yaranıb. Amma bununla yanaşı qeyd etmək istərdim ki, müasir qurum olan TƏBİB fəaliyyətində, yanaşmasında dəyişiklik etməlidir. Çünki pandemiyadır, bu pandemiyaya qarşı mübarizədə TƏBİB xəstələrin evdə müalicə olunmasını tövsiyə edirsə, o xəstələrin dərmanı da TƏBİB tərəfindən evdə müalicə olunan insanlara çatdırırılmalıdır. Bu mənim subyektiv fikrimdir. Bu, baş vermədiyinə görə dərmanların qiymətlərində süni artımlar müşahidə olunur. Bu da koronavirusa yoluxmuş xəstələrin müalicəsində həm maliyyə çətinliyinin yaranmasına zəmin yaradır, həm də xəstə insanların məcbur olaraq apteklərə üz tutmasına, “evdə qal” tələbinin pozulmasına şərait yaradır. Ona görə düşünürəm ki, evdə təcrid olunmuş xəstələrin müalicəsi üçün tələb olunan dərmanların TƏBİB tərəfindən çatdırılması pulsuz olaraq təmin edilməlidir. Məsələn, qardaş Türkiyədə koronavirusa yoluxan xəstənin çağırışına gələn səhiyyə mütəxəssisləri yerindəcə ailənin həm dərmanla, həm də müalicəsinin təmin edilməsində iştirak edirlər. Bu bizdə də olsa, insanların maliyyə cəhətdən əziyyət çəkməsinin qarşısını alar, həm də apteklərə dərman dalınca getməsinin qarşısını alar. Bu xəstəlik ÜST-ün protokolları üzrə müalicə olunmalıdır. TƏBİB-in bu məsələdə yanaşmasında dəyişiklik etməsi vacibdir”.


Həkim-ekspert Adil Qeybulla da bildirdi ki, artıq tədbirlər görülməlidir: “Bir müddət bundan əvvəl sui-istifadə halları oldu. Bu bir başa dərmanı bura idxal edən, dərman biznesinə nəzarət edən qurumların məsuliyyətidir. Bunlar əgər ekstremal vəziyyətdə situasiyanı idarə edə bilmirlərsə, ya onlar bu işdə maraqlıdırlar, ya da ki sabatoj edirlər. Düşünürəm ki, dövlət qurumları yəqin ki, bununla bağlı tədbirlər görəcək”.

Həkim insanların koronavirusa qarşı düzgün müalicə aparmadıqlarından da gileyləndi: “Hazırda anormal vəziyyətin yaranmasının bir səbəbi də əhalidir. ÜST-ün bülleteni var. Arbidolu kim məsləhət görür axı?! Arbidol nə vaxtdan COVİD-19-un müalicəsində istifadə olunub? O həkim ki, Arbidol yazır, onun ümumiyyətlə koronavirusdan anlayışı yoxdur. O adam ÜST-ın bir bülletenini belə oxumur. Ümumiyyətlə, koronavirusa təsir edən heç bir antivral preparat mövcud deyil. Gedib antibiotik alırlar, axı niyə vurdurursuz, axı antiviral təsiri yoxdur onun. Hələ də insanlar arasında elələri var ki, “bu virus insanları öldürmək üçün yaradılıb”, deyə düşünürlər. Məsələ burasındadır ki, dövlət qurumları birbaşa dezinformasiya yayan adamları cəzalandırmalıdır. ÜST-ün qərarı var, dezinformasiya yayan adamlar cəzalandırılsınlar. Yəni bunun hüquqi tərəfləri işə salınmalıdır”.

“Yeni Müsavat”
Diaspora