İsrail Zehni və psixofiziki inkişaf pozğunluğu olan Uşaqların Müalicəsi və Bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levitin Publika.az-a müsahibə verib.
Qazilər.az həmin müsahibəni təqdim edir:- Doktor, autizm bəlasının kökü haradan qaynaqlanır?
- Artıq dünyada autizm, nitq, şüur inkişafının gecikməsi kimi problemlərin sayı sürətlə artmaqdadır. 90-cı illərdən etibarən bu kimi xəstəliklərin sayı kifayət qədər artıb. 80-ci illərin sonunadək uşaqlarda idiotizm kimi nadir zehni inkişafı ləngidən xəstəliklər vardı və biz bununla mübarizə aparırdıq. Əvvələr autizm diaqnozu ilə müraciət edən uşaqların sayı mində bir idisə, sonradan 200-də 1-ə endi. Hazırda isə hər 90 uşaqdan birində autizmə rast gəlirik. Mən hələ bu siyahıya onkoloji xəstəlikləri, hepatitdən və serebral iflicdən əziyyət çəkən uşaqları aid etmirəm. Bura bronxial astma, mədə-bağırsaq xəstəlikləri, sinuit və digərləri də daxildir. Qısası, artıq planetdəki tam sağlam uşaqların sayı olduqca azdır. Halbuki insan övladının indiki kimi şəraiti, rahatlığı heç vaxt olmayıb.
- Qəribə təzaddır.
- Elədir. Demək olar ki, çoxumuz isti evlərdə yaşayırıq, uşaqlar maşınla məktəbə, bağçaya gedir. İsti geyim, müxtəlif qida növləri, nə istəsəniz, var. Hər cür dərman, atibiotik mövcuddur. Gəlin açıqlama gətirək, bəs nə baş verdi ki, zehni qüsurlu, hiperaktiv uşaqların sayı birdən-birə artmağa başladı. İlkin səbəb hamiləlik dövrü ola bilər. Çünki uşaq yaşlarından hər birimiz müxtəlif viruslara yoluxuruq, xəstəliklər keçiririk. Bu da orqanizmdə patologiya yarada bilir. İkincisi, evdə saxladığımız heyvanlar vasitəsilə ötürülən toksoplazmoz, həmçinin son vaxtlar çox yayılmış cinsi yolla ötürülən erogen virus xəstəlikləridir. Bütün bunlar isə dölün ana bətnində həmin viruslara yoluxub, zəif inkişaf etməsinə, gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına gətirib, çıxardır. Bütün bu patologiyalar nəticəsində döl ana bətnində ikən lazımı zamanda fırlana, hərəkət edə bilmir. Demək olar ki, çox vaxt körpə xəstə doğulur. Ciftdəki suyun bulanıqlığı, göbək bağındakı infeksiyalar və s. də zehni inkişafı ləngidir. Hamiləlik vaxtı döllə ananın orqanizmi arasındakı qarşılıqlı əlaqədə durğunluq yaranır. Döl ananın orqanizmindən gələn siqnallara çox zəif cavab verir və nəticədə travma ilə doğulur. Hətta doğuş zamanı buraxılan hər bir mama-ginekoloq səhvi də zehni inkişafın ləngiməsinin əsas səbəblərindəndir. Yəni hamiləlik dövründə və doğum zamanı yaranan patologiyalar, həmçinin genetik xəstəliklər sadaladağımız problemlərin əsas səbəbləridir. Uşaqlarımızı inkişafdan saxlayan üçüncü ən təhlükəli və qlobal səbəb vaksinlər, peyvəndlərdir.
- Bütün gənc valideynlər üçün çox önəmli mövzuya toxundunuz. Hələ də körpəmin vaksinlərini etdirim, yoxsa etdirməyim deyib, iki yol ayrıcında qalan valideynlər var. Ümumiyyətlə, vaksinlərin tərkibi haqda bizə məlumat verə bilərsiniz?
- Bu haqda ətraflı danışacam. Təsəvvür edin ki, bütün bu patologiyalarla, yaxud elə sağlam körpə doğulur və onun bütün peyvəndləri edilir. Ümumiyyətlə, peyvənd virusların antibiotik, kimyəvi elementlər, formalin və sairlə qarışdırılmış, mikrobları yarıcanlı saxlayan formasıdır. Bir sözlə, peyvənd tərkibi zəiflədilmiş virusdur. Virusu ödürməksə, canlı hüceyrəni məhv etməkdən daha çətindir. Körpə doğulan kimi ona hepatit B-yə qarşı vaksin vurulur ki, heç vaxt bu virusa yaxalanmasın. Hepatit B isə bir insandan digərinə qanla ötürülür. Əvvəllər daimi tibbi şprislər vardı. Bir şprislə müəyyən müddət onlarla insana iynə vurulurdu. Gigiyena çox zəif idi. 90-cı illərdən bəri isə tibbdə yetərincə steril şərtlər mövcuddur. Birdəfəlik şprislər, təmizləyici unikal vasitələr var. Əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkirsə, yaxud ard-arda müxtəlif cərrahiyə əməliyyatları keçirdirsə, ona qan köçürüləcək. O halda mən razıyam, bu vaksin edilməlidir. Yox, bu problemlər yoxdursa, uşağın hepatit B-yə yaxalanmaq ehtimalı sıfıra bərabərdirsə, bunu etməyin mənası varmı? Hepatit də QİÇS kimi ötürülür. Fikir verin, QİÇS-ə qarşı peyvənd yoxdur axı... İndi sizdən soruşuram, bu peyvəndi edib, uşağı riskə atmağın mənası var? Ömürlük immunitet mövcud olmadığına görə bu peyvəndi bir aydan sonra yenidən və yenidən vurdurmaq lazımdır. Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur. Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşaiyət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda gözümüzə baxmır, başını divara çırpır və s. Valideyn də tapa bilmir ki, səbəb nə ola bilər. Bəlkə vurdurduğunuz peyvəndlərdir? Heç düşünmüsünüz bu haqda? Pediatr isə sakitləşdirir, bir az da səbr edin, gözləyin, hər şey qaydasına düşəcək. Vəziyyət isə pisə doğru dəyişir. Və autizm yaranır.
- Autizm müəyyən yaş dövründən sonra yaranır?
- Autizmin növləri var. Məsələn, erkən autizm doğuşdan həmən sonra özünü göstərir. Bu zehni patologiya adlanır. Bir də yaş yarımdan, 2 yaşdan sonra inkişaf etməyə başlayır. Baxın, bu gün onkoloji klinikalar uşaqlarla dolub-daşır. Necə olur ki, bəşər tarixinin ən ideal şəraitində bu qədər xəstəliklər yaranır? Bunun ilk səbəbi vurdurduğunuz vaksinlərdir. Bəzi ölkələrdə körpərlərə peyvənd vurulması qadağan edilib. Bura həm dini, həm də tibbi faktorlar aiddir. Həmin ölkələrdə böyüyən uşaqlar bu xəstəliklərə daha az yoluxurlar. Uşağın inkişafındakı patologiyaların əsas səbəbi vaksinlərdir, əziz valideynlər...
- Doktor, bilirəm ki, dünyanın hər yanından mərkəzinizə problemli uşaqlar gətirilir. Müşahidələrinizi bölüşə bilərsiniz?
- Mərkəzimizə bütün ölkələrdən minlərlə valideyn müraciət edir. Bu yaxınlarda Baltikyanı ölkədən bir ailə gəlmişdi. Ailənin əkiz övladı doğulur. Körpələrə hepatit peyvəndi vurulur. Uşaqların uzun müddət qızdırmaları enmir. Nəhayət antibiotiklərlə sağalırlar. Elə bu vaxt pediatr söyləyir ki, hepatitə qarşı ikinci vaksinin zamanı gəlib. Yenidən uşaqlara peyvənd vurulur. Bədənin hərarəti sürətlə artmağa başlayır. Körpənin birini yenidən ayağa qaldırmaq mümkün olsa da, digəri ömürlük şikəst qalır. Bilirsiniz, hər gün belə faktlarla nə qədər üz-üzə qalırıq? Həmçinin bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Vaksinlərdəki təqvimə də düzgün riayət edilmir. Çox vaxt peyvəndlərin ardıcıllığı pozulur. Bir də görürsən, valideyn təyin olunan zamanda gəlməyib. Növbəti həkim qəbulunda digər peyvəndi də vurub, körpənin orqanizmini məhvə aparırlar. Yəni peyvənd özü təhlükədirsə, qrafikin pozulması ikiqat faciədir.
- Maraqlı məqama toxundunuz. Mən övladımın bütün vaksinlərini Fransada vurdurmuşam. Həm Fransada, həm də digər Avropa ölkələrində vaksin siyahısını bağçaya, məktəbə təqdim etmədən, uşağı qəbul etmirlər. Bəs bununla bağlı nə deyə bilərsiniz?
- Bütün dünyada valideynlərin körpələrinə vaksin vurdurmamaq kimi hüquqları var. Siz uşağınıza peyvənd etdirəndə, bir sənəd imzalayırsınız. Həmin sənədə əsasən övladınıza peyvənd edən həkimi bütün məsuliyyətdən azad edib, cavabdehliyi öz üzərinizə götürürsünüz. Bu məqamda övladınızın gələcəyi naminə bir hiylə işlədə bilərsiniz. İlk vaksindən sonra klinikaya gedib, uşağınızın qıcolma keçirdiyini, uzun müddət hərarətinin düşmədiyini söyləyir, şikayət edirsiniz. Sizə xüsusi sənəd verilir ki, uşağınıza vaksin vurmaq təhlükəlidir. Bu sənəd əlinizdə olandan sonra heç bir təhsil müəssisəsinın övladınızı qəbul etməmək şansı yoxdur. Qoyun, övladınız qızılca da keçirsin, suçiçəyi də... Axı bu xəstəliklər serebral iflicdən, autizmdən daha asan müalicə olunur.
- Azərbaycanlı pasientləriniz çoxdur?
- Bəli, bəli... Bu yaxınlarda bir uşaq da gətirmişdilər. Evdən çıxan kimi atasının çiynində gəzir, bütün cəhdlərə baxmayaraq, yerə enmirdi. Gərgin əməkdən sonra onu ayaqlarını yerə basmağa, oynamağa, qaçmağa alışdırdıq.
- Siz uşaqların müalicəsində hansı üsullardan istifadə edirsiniz?
- Burada müxtəlif metodika və üsullar köməyimizə çatır. Hətta müəllifi olduğum terapiya növləri də var. Təbii tərkibli dərmanlarla da müalicə edirik. Bundan başqa, atla, delfinlə müalicə üsulları ilə uşağın zehnindəki, şüurundakı neyronlar aktivləşdirlir. Artıq düşünmə, cəmiyyətdən gələn reaksiyalara cavab vermə qabiliyyəti yaranır. Bütün bunlara cəmi 3 həftədə nail oluruq. Mərkəzi sinir sistemini müalicə edib, stabilləşdirdiyimiz müddətdə uşaq həddən çox tərləyir, normadan 2-3 dəfə artıq sidik və nəcis ifraz edir. Dırnaqlar və saç sürətlə uzanmağa başlayır. Sarı dişlər get-gedə ağarır. Orqanizmdə təmizlənmə gedir. Maddələr mübadiləsinin pozulması nəticəsində vücudda toplanmış zərərli maddələr xaric olunur. Daha sonra psixoterapevtik kurslara başlayırıq. Bu terapiya ilə əsasən oğlum Mixail Levit məşğul olur. Burada xəstə uşaqlarla düzgün ünsiyyət qurmaq, onları anlamaq, fikirlərimizi anlatmaq kimi mürəkkəb məsələlər həll edilir. Çünki bizim məqsədimiz bu uşaqları cəmiyyətə adaptə etməkdir.
- Doktor, son zamanlar bir hal da müşahidə etmişəm. Uşaqların süd dişləri bir yaşdan sonra çıxmağa başlayır və valideynlər narahat olur.
- Bu tam individual məsələdir. Qorxmağa ehtiyac yoxdur. Sadəcə uşaqlara damaq ağrısını yüngülləşirən təbii tərkibli dərman verə bilərsiniz. Bəzi balacaların bir yaşında heç bir dişi də çıxmır. Bu patologiya deyil. Narahat olmayın.
- Bir də uşaqlar arasında gec danışma problemi aktualdır. Bu durumda mütləq mütəxəssis köməyindən yararlanmalıyıq?
- Baxın, uşaq bir neçə il ərzində gördüyü, eşitdiyi bütün informasiyaları beyninə hopdurur. Lap uşağınızın 3 yaşı olsun, dediyiniz hər şeyi anlayıb, tapşırıqlarınıza əməl edirsə, qorxmayın, o mütləq danışacaq. Amma insanlarla ünsiyyətdən qaçıb, gözünüzə baxmırsa, özünün aqressiv aparırsa, əllərini tez-tez bir birinə vurub, monoton oyunlar oynayırsa, bu artıq o deməkdir ki, onun zehni inkişafı arzu olunan kimi getmir.
- Deyirlər autist uşaqların xüsusi istedadları olur.
- Tamamilə yanlış fikirdir. Bu patologiyanın fitri istedadla heç bir əlaqəsi yoxdur. Doğrudur, özünə qapalı istedadlı insanlar var, amma bunun danışdığımız mövzu ilə heç bir əlaqəsi yoxdur. Həm də, düşünün, öz paltarını belə geyinə bilməyən, təbii ehtiyaclarını sərbəst şəkildə ödəməyən uşağın qeyri-adi istedadını bəhanə edərək, onu müalicə etməmək nə dərəcədə doğrudur?!
- Ətrafımdakı bəzi insanların autist uşaqlara sərt və qəribə reaksiyası məni çox hiddətləndirir. Bəlkə onlara da müraciət edək...
- Sizin yanınızda bronxial astmadan əziyyət çəkən insan dayananda, ona deyə bilirsiniz ki, sakit nəfəs al? Yaxud allergik insanı daha az asqırmağa məcbur edə bilirsiniz? Anlayın ki, bu da bir xəstəlikdir. Bu anlaşılmaz reaksiyanız ən çox o uşağın valideynlərini üzür. Daha mərhəmətli olmağa çalışın.
- Gəlin, bu güclü valideynləri bir az da ruhlandıraq. Autizmi müalicə etmək mümükündürmü?
- Bilirsiniz, hətta adi qrip tam sağalacaq deyə, bir ehtimal yoxdur. Amma bizim müalicələrdən sonra uşaqların aqressivliyi, ictimai yerlərdəki çılğın, qeyri-iradi davranışları stabilləşir. Artıq gözünüzə baxır, sizi anlayır, özünə qapanmır. Təbii ki, autizmdən əziyyət çəkən uşaqları normal həyata qaytarmaq mümkündür.
- Sonda nə deyə bilərsiniz, uşaqlarımızı necə tərbiyə edək?
- Siz qafqazlılarda bu mövzuda problem çox azdır. Odur ki, düzgün yolda olduğunuzu düşünürəm. Bununla bağlı tövsiyəyə ehtiyacınız yoxdur. Övladlarınıza qarşı olduqca diqqətlisiniz.