Koronavirusun yüngül simptomları olan xəstələr ev şəraitində müalicə olunur. Bu tək Azərbaycanda deyıl, bütün dünyada tətbiq olunur.
Bunun əsas məqsədi xəstəxanaların çarpayı fonduna qənaət etməkdir ki, ağır koronavirus xəstələrinin yerləşməsi üçün problem yaranmasın. Bildiyiniz kimi, bir çox ölkələrdə epidemiya zamanı xəstəxanalarda yer qalmırdı və xəstələri hətta dəhlizlərdə yerləşdirirdilər.Digər tərəfdən yüngül simptomlu xəstənin ev şəraitində müalicəsi onu koonavirusun daha ağır formaya keçməsindən də müəyyən dərəcədə qoruyur. Təəccüblənməyin - xəstəxanalarda ikincili infeksiyanın qoşulması riski yüksək olur. Bu danılmaz faktdır və xəstələrin sıxlığı ilə izah olunur.
Beləliklə, koronavirusu evdə necə müalicə edirlər?
Saglamolun.az bu məsələni araşdıraraq müxtəlif ölkələrdən olan bir sıra həkimlərin fikirlərini cəmləşdiriməyə çalışıb. Sizə həkimlərin ümumi tövsiyələrini təqdim edirik.
1. Koronavirusun xüsusi müalicəsi yoxdur. Bu səbəbdən özünü müalicə ilə məşğul olmayın və həkimin təyini olmadan heç bir dərman, vitamin və s. qəbul etməyin. Parasetamol – istisnadır. Qızdırma 38,5 C qalxanada qəbul edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, qızdırmanın yüksək rəqəmlərə qalxması xəstəliyin ağırlaşmasına işarə edə bilər. Bu haqda sizi müalicə edən həkimə məlumat verin.
2. Gün ərzində çox uzanmayın. Bu ağciyərin fəaliyyətini pisləşdirir. Uzanmaq istəyəndə qarın üstə uzanın. Belə vəziyətdə ağciyər daha yaxşı işləyir.
3. Buna əks-göstərişlər yoxdursa, mümkün qədər çox maye için. Bu bəlğəmi durulaşdırır, nəfəs yollarından xaric edir, durğunluğun qarşısını alır. Həmçinin maye orqanizmdən toksinləri yuyub aparır ki, bu da xəstənin vəziyyətini yüngülləşdirir. Susuzlaşmaya yol vermək olmaz. Sidiyin rəngi açıqdırsa sizdə susuzlaşma yoxdur, tünddürsə daha çox maye için.
Həkimlər mayenin “sistem” şəklində orqanizmə daxil olmasına əleyhinədirlər. İnsan ağzı vasitəsilə maye qəbul edə bilirsə, “sistem”ə heç bir ehtiyac yoxdur.
4. Ağır qidalardan imtina edin. Bu orqanizmi yükləyir, infeksiya ilə mübarizə etməyə mane olur. Sıyıqlar, süd məhsulları, toyuq bulyolu, meyvə-tərəvəz, müxtəlif göyərtilər ən yaxşı seçimdir.
5. Evi tez-tez havalandırın, balkona təmiz hava almağa çıxın. Nəzərə almaq lazımdır ki, evin havası isti və quru olmamalıdır. Bu nəfəs yollarından bəlğəmin çıxmasını çətinləşdirir, nəticədə ağciyərdə durğunluq yaranır ki, bu da ağciyərdə bakteriyaların çoxalması və ikincili infeksiyanın qoşulması üçün şərait yaradır.
Nəzərə almaq lazımdır ki, kondisioner havanı qurudur. Evdə nəmləndirici qurğudan istifadə edin, döşəmələri tez-tez silin.
6. Gecə yuxusu 7-8 saat olmalıdır. Normal gecə yuxusu sağalmanı tezləşdirir.
7. Vəziyətinizdə hər hansı dəyişiklik, ağırlaşma hiss etdikdə, vaxt itirmədən sizə nəzarət edən həkimə müraciət edin.