Yüz dəfələrlə deyilib və yazılıb ki, C vitamini orqanizmi virus və soyuqdəymə xəstəliklərindən qorumur, yəni bu mənada heç bir profilaktik təsir göstərmir.
Bəzi araşdırmalar göstərib ki, C vitamininin soyuqdəymə və virus xəstəlikləri zamanı (zamanı! ondan əvvəl yox!) qəbulu sağalmanı bir qədər (təxminən 1 gün) tezləşdirə bilər. Təəssüf ki, bizdə C vitaminini əksər hallarda məhz “profilaktik” məqsədlərlə qəbul edirlər.Hazırda apteklərdə C vitaminini tapmaq olmur, insanlar “koronavirusdan qorunmaq üçün” vitamini qutu-qutu alıb özbaşına, həkimlə məsləhətləşmədən qəbul edirlər.
Saglamolun.az bildirir ki, tək dərman deyil, istənilən vitamin, mineral, hətta müalicəvi otları da yalnız həkimlə məsləhətləşdikdən və lazım olan müayinə və analizlərdən sonra qəbul etmək olar.
Bəzi xəstəliklər zamanı C vitaminini ümumiyyətlə qəbul etmək olmaz. Həmçinin bu vitaminin uzun müddət ərzində, yüksək dozalarda nəzarətsiz qəbulu hətta sağlam insanın orqanizmində çox ağır fəsadlar yarada bilər.
C vitamininin uzun müddət ərzində və yüksək dozalarda qəbulu (1000 mq/g çox) bu kimi pozulmalara səbəb ola bilər:
- ürəkbulanması
- mədə qıcqırması
- ishal
- köp
- mədə-bağırsaq sisteminin selikli qişasının qıcıqlanması
- qarında ağrı
- böyrəklərdə daşların əmələ gəlməsi
- yuxusuzluq
- əsəbilik
- baş ağrısı
- qıcolmalar
- təzyqin qalxması
- maddələr mübadiləsinin pozulması
- qaraciyər, böyrək, mədəaltı vəzin funksiyalarının pozulması və s.
Mədə xorası, qastrit və s. mədə problemləri olan insanlarda C vitamininin yüksək dozalarda qəbulu xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, C vitamini allergiyaya səbəb olur.
Böyrək daşı xəstəliyi və həmçinin bəzi qaraciyər xəstəlikləri zamanı C vitamininin qəbulu qadağandır.