Kanada Oftalmoloji Cəmiyyətinin jurnalında 29 yaşlı bir xəstənin vəziyyətini təsvir edən bir məqalə çap edilib.
Bundan sonra elm adamları koronavirus infeksiyasının yeni və olduqca gözlənilməz ilkin simptomu haqqında danışmağa başlayıblar.Qaynarinfo xəbər verir ki, mart ayında bir qız göz qızartısı şikayətiylə həkimlərə müraciət edib. Ona konyunktivit diaqnozu qoyulub - gözü və göz qapaqlarını örtən nazik şəffaf toxumanın iltihabı. Qız xəstəxanaya yerləşdirilib.
Adətən, həkimlər bu problemin öhdəsindən kifayət qədər asan və tez gələ bilirlər. Ancaq bu dəfə nədənsə ənənəvi müalicə nəticə verməyib. Həkimlər qızın Asiyaya getdiyini biləndə ona koronavirus testi etdirib və nəticənin pozitiv olduğu üzə çıxıb. Bununla belə, xəstədə nə öskürək, nə temperatur, nə də boğaz qızartısı olduğu üçün həkimlər əvvəlcə COVİD-19-dan şübhələnməyiblər.
"İnfeksiyanın əvvəlcə ağciyərlərdə deyil, göz vasitəsilə ortaya çıxacağını bilmirdik", - Alberta Universitetinin Oftalmologiya kafedrasının dosenti Karlos Solarte deyib.
Pasiyent xəstəliyi ağırlaşma olmadan keçirib.