ABŞ-ın Kaliforniya universitetinin mütəxəssisləri koronavirusun şizofreniyaya səbəb ola biləcəyi barədə iddia irəli sürüblər.
Bizimyol.info-nun məlumatına görə, alimlərin apardıqları araşdırmalar belə deməyə əsas verir: koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir. Bu xüsusilə koronavirusa yoluxmuş hamilə qadınlar üçün təhlükə yaradır.Mütəxəssislərin fikrinə görə, ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir, zədələnmiş sinir sistemi ana bətnindəki körpələrdə də dərin travmalar yaradır.
“Koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər. Buna görə də xəstəliyə yoluxmuş hamilə qadınların bətnindəki körpələr də müşahidə altına alınmalıdır. Xəstəlik sağalsa da, onun sinir sisteminə vurduğu zədə qalıcı ola bilər”, - deyə mütəxəssislər həyəcan təbili çalıblar.
Belə görünür ki, koronavirus təkcə bu günümüzü deyil, gələcəyimizi də hədəf altına alıb.