Apteklərdə zəhərli spirt peyda olub, araşdırma başladı - Baş toksikoloq

Apteklərdə zəhərli spirt peyda olub, araşdırma başladı - Baş toksikoloq backend

Koronavirus epidemiyası yayılandan insanlar infeksiyadan qorunmaq üçün müxtəlif üsullara baş vururlar. Bunlardan biri də dezinfeksiyaedici maddə olan spirtdir.

Son zamanlarda spirtdən zəhərlənərək ölənlərin haqqında xəbərlər yayılır. Statistikaya görə, spirtdən zəhərlənmə şikayəti ilə daxil olan 13 nəfərdən 8-i həyatını itirib. Bunun səbəbi nədir? Özmüzü virusdan qorumaq üçün istifadə etdiyimiz spirt doğurdan da öldürücüdürmü?

Ölkənin baş toksikoloqu Azər Maqsudov Teleqraf.com-un suallarını cavablandırıb.

- İnsanların spirtdən zəhərlənməsi nə ilə əlaqədardır?

- Zəhərlənən şəxslər metil spirti içiblər. Bu spirt satışda olmamalıdır, onu əhaliyə satmaq qadağandır. Kimya sənayesində işlənən məhluldur. Həm mühərrik, həm də həlledici məhlulların tərkibindədir. Buna baxmayaraq, aptekdə alınan tibbi spirtin tərkibində metil spirti aşkarlanıb. Bunun hansı yolla baş verməsi haqqında Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır.

- Metil spirtini tibbi spirtdən ayırd etmək mümkündürmü?

- Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi oxşardır. 30 milli litrdən çox qəbul etdikdə, ölümcül doza verir. Biz şahidi də olduq, müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içməkləridir. Ani bir diqqətsizlik gənc insanların faciəli şəkildə ölümünə səbəb oldu. Baxmayaraq ki, 2-3 saat sonra toksikologiya şöbəsinə gətiriliblər, belə faciəvi hadisə baş verdi.

- Bu spirt daxilə qəbul edildiyi zaman hansı orqanları zədələyir?

- Metil spirti birbaşa görmə qabiliyyətini pozur və korluq əmələ gətirir. Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beynin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir.

- Tibbi spirti daxilə qəbul etmək mümkündürmü? Bu həqiqətən infeksiyadan qoruyurmu?

- Apteklərdə satılan tibbi spirti daxilə qəbul etmək mümkündür. Onlar etil spirtidir. Yalnız sərxoşluq hissi verir, ölümlə nəticələnmir. Zərəri olmadığı kimi, faydası da yoxdur.

Ümumiyyətlə, spirtli içkinin bədənə faydası yoxdur. 100 qramdan yuxarı etil spirti mənfi təsir göstərməyə başlayır. Həm qaraciyər fəaliyyətini, həm də ağciyər fəaliyyətini pozur. Bununla yanaşı bədənin müqavimətini azaldır. Virusa qarşı heç bir qoruyuculuğu yoxdur.
Diaspora