COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur.
Xəstə insanın öskürməsi, asqırması zamanı ağzından sıçrayan tüpürcəyin ətrafdakıların ağız, burun və gözlərinə təması onları da bu virusa yoluxdura bilər.Ona görə də bu xəstəlik hava-damcı infeksiyası yolu ilə yayılan xəstəliklərə aid edilir.
İnfeksiya klinik olaraq başağrısı, asqırma, öskürək, təngnəfəslik, temperatur və s. kimi əlamətlərlə başlayır və ağırlaşmalara səbəb olur. Daha ağır hallarda tənəffüs və böyrək çatışmazlığı qeydə alınır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı inkubasion dövr 2-14 gün çəkir. Bu dövr 24 günə qədər uzana bilər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır. Ev heyvanları koronavirus yayıcıları deyil.
"Xəstəliyə qarşı vaksin olmasa da, erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir", - deyə C.Məhərrəmov bildirib.
Mütəxəssis əhalini ajiotaj, təşviş yaradan və rəsmi mənbələrdən olmayan məlumatlara inanmamağa və qorxmamağa səsləyib. O bildirib ki, bunların əvəzində xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır: "Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur".