“İş yerində tez-tez öskürənlər xəstəxanaya yerləşdirilməlidir“ - İnfeksionist

“İş yerində tez-tez öskürənlər xəstəxanaya yerləşdirilməlidir“ - İnfeksionist backend

“İş yerlərində uzun müddət hərarəti yüksək olan, tez-tez öskürən şəxslər xəstəxanaya yerləşdirilməli, həkim nəzarəti altında olmalıdırlar”.



Bunu APA -ya açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib.

O bildirib ki, koronavirusun yuxarı tənəffüs yollarına düşməsinin qarşısını almaq üçün tez-tez bol maye qəbul edilməli, ağzı maye ilə yaxalamaq lazımdır:

“Belə viruslar həzm sisteminə düşdükdə insanlar daha ağır xəstəliyə düçar olur. Yaxşı olar ki, xəstələr çoxqatlı maskalarından istifadə etsinlər. Çünki bu maskalar virusları keçirmir. Asqırdıqda cib dəsmallarından istifadə etmək lazımdır. Əgər cib dəsmalınız yoxdursa, qolunuzu 90 dərəcə qatlayaraq qolun bükülən yeri ilə ağzı tutmaq lazımdır. Dezinfeksiyaedici məhlullardan istifadə önəmlidir. Xəstə olan yerlərdə səthlər 1-2 saatdan bir dezinfeksiyaedici məhsullarla silinməlidir. Viruslar dezinfeksiyaedici məhlullarla asanlıqla məhv ola bilir”.

İnfeksionistin sözlərinə görə, əgər yaxınlıqda virus daşıyıcısı yoxdursa, maska taxmağa ehtiyac yoxdur:

“Maskalar da fərqli olur. Birdəfəlik maskaları 2 saat müddətində taxmaq olar. Bir də filtrli maskalar var. Onların xüsusi nəfəslik yeri olur. Ona filtrlər yerləşdirilir və bu filtrlərin də 1-2 həftə müddəti olur. Müddəti bitdikdən sonra filtrləri dəyişərək yeniləri ilə əvəz edirlər. İş yerlərində, ailədə virus daşıyıcıları varsa, maska taxmaq mütləqdir”.

S. Atakişizadə qeyd edib ki, koronavirusa yoluxan şəxsin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır:

“Koronavirusun 3 - yüngül, orta-ağır və ağır forması var. İnsanın koronavirusa yoluxması təsdiqlənsə, o, 14 gün müddətində virus əleyhinə dərman maddələri ilə yanaşı, patogenetik dərman vasitələri ilə müalicə olunur. Belə olduğu halda xəstə üçüncü həftədə tam sağalıb evə yazıla bilər. Bu, xəstəliyin orta-ağır formasıdır. Yüngül formada olan xəstələr isə daha qısa müddətdə nəzarətdə saxlanılır, əlamətlər keçdikdən sonra evə buraxılırlar. Ağırlaşma və ölüm ağır pnevmoniyanın inkişaf etməsidir. Şiddətli dövründə ağır pnevmoniya əlamətləri aşkarlanarsa, onda xəstə təcili hospitalizasiya olunmalı və pnevmoniyanın səbəbi müəyyənləşdirilməlidir ki, bu, tipik, yoxsa koronavirusa bağlı pnevmoniyadır. Spesifik müalicə başladıqdan sonra xəstənin yanında mütləq süni tənəffüs aparatı olmalıdır. Çünki xəstə hər an boğula bilər. Belə xəstələrin vəziyyəti ağırlaşdıqda dodaqları, dırnaqları göyərir, təngnəfəs olurlar və hava ala bilmirlər. Onlara oksigen yastıqları ilə hava verilməli, vəziyyəti ağırlaşdıqda isə süni tənəffüs aparatına qoşulmalıdırlar”.
Diaspora