Koronavirusun pandemik xəstəlik olmadığı açıqlanıb.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının İnfeksion xəstəliklərə qlobal hazırlıq üzrə direktoru Silvi Brian bildirib.“Hazırda pandemiyadan söhbət gedə bilməz. Bu, çoxsaylı mənbəsi olan epidemiyadır. Hazırda koronavirus xəstəliyi Çinin xaricində 23 ölkədə qeydə alınıb”, - o deyib.
Qeyd edək ki, pandemiya dünya miqyasında yayılmış güclü epidemiyaya deyilir. 2009-cu ildə ÜST H1N1 virusunu (“donuz qripi”) pandemiya olaraq elan etmişdi.
Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. Son məlumata görə, xəstəlikdən ölənlərin sayı 425-ə çatıb, yoluxanların sayı isə 21 mini ötüb.