“Soyuqdəymə yuxarı tənəffüs yollarındakı infeksiyaları fəallaşdırır, immunitet sistemini zəiflədir”
Azərbaycanda yanvarın 24-dən etibarən havanın temperaturu kəskin aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sulu qar, bölgələrdə isə qar yağıb. Yanvar ayının son ongünlüyü ötən günlərlə müqayisədə soyuq keçir. Bəs bu cür hava şəraiti dünyada və qonşu dövlətlərdə yayılan viruslara necə təsir edəcək? Şaxtalı hava ölkədə virusun yayılmasını sürətləndirəcək, yoxsa şaxta xəstəliklərin sonunu gətirəcək?“Yeni Müsavat”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, qışın sərt keçməsi koronovirus kimi xəstəliklərin yayılmasını sürətləndirir: “Bu da faktdır ki, şaxtalı havalarda bəzi bakteriyalar məhv olur. Ancaq bəzən bu cür havalarda insanlar geyim formalarını düz seçə bilmirlər. Məsələn, səhər isti olur, axşam soyuq. Ona görə də insanlar qalın geyinməyib soyuqlayırlar. Qışda soyuqdəymə geniş yayılır. Soyuqdəymə yuxarı tənəffüs yollarındakı infeksiyaları fəallaşdırır, immunitet sistemini zəiflədir. Nəticədə yoluxmalar da baş verir. Azərbaycanda bilirik ki, insanların bir xeyli hissəsi məcburi köçkün durumundadır. Onların tibbi xidməti də problemlidir. Eyni zamanda, qidalanma məsələsində problemi olan xeyli insan var. Bütün bunların hamısı immunitet sisteminə təsir edir. Bu cür hallarda qeyd etdiyimiz xəstəliklərin yayılması üçün mühit yaranır. Digər tərəfdən də havanın bu cür keçməsi, vəziyyəti bir növ sürətləndirir.
Demək olmaz ki, elə soyuqdursa virus ətrafı bürüyəcək. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. Viruslar canlı orqanizmlərin hesabına, insanların vasitəsilə artıb-çoxalırlar. Onlar özbaşına arta bilməz. Buna görə də havalar soyuyanda insanlarda olan soyuqdəymə və digər dediyimiz hallar onların immunitet sistemini zəiflədir. Məhz bu kimi səbəblərin nəticəsində soyuq havada viruslar daha geniş əhatədə yayılırlar".
Bu arada Çində koronaviruslar sürətlə yayılmağa davam edir. Belə ki, ölkədə koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 853-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.
Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib. Çin Maliyyə Nazirliyi koronovirusdan zərər çəkmiş Xubey vilayətinə kömək etmək üçün 1 milyard yuan (təxminən 144 milyon ABŞ dolları) ayırıb.
Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Virusun yayılması maliyyə bazarlarına, birjalara da təsir edib. Belə ki, Şanxay birjasının indeksi təxminən 0,8%, Şenjen indeksi 1,19%, SZSE Component isə 0,5% itirib.Eyni reaksiya Çinin kənarlarında da müşahidə olunub: Hong Kongun Hang Seng indeksi 1,17% düşüb. Yaponiyanın Nikkei indeksi ticarət statistikasının təzyiqinə məruz qalıb. Qeyd edildiyi kimi, ölkənin ticarət balansı artıq iki ildir defisit nümayiş etdirir. Nəticədə Nikkei 0,65% itirmiş olub. Mənfi dinamikanı həmçinin Cənubi Koreyanın Kospi (0,48%) və Avstraliyanın ASX indeksi (0,6%) nümayiş etdirib.
Eyni zamanda, Çinin Yuhan şəhərində insanlar uzunmüddətli tədarük məqsədilə ərzaq mağazalarına axışıblar. Nəticədə, ərzaq mağazalarında qida çatışmazlığı və basabas yaranıb. Onu da bildirək ki, hazırda Azərbaycana qonşu olan Gürcüstan, İran ərazisində də “donuz qripi” virusu yayılıb. Bu ölkələrlə Azərbaycanın təması sıxdır. Hər gün hər iki ölkəyə də müxtəlif məqsədlərlə vətəndaşlarımız gedib-gəlirlər. Sərhəddən keçən virusa yoluxanların təyin edilməsi üçün xüsusi qurğular quraşdırılıb. Bunun vasitəsilə virusa yoluxan bədən hərarəti yüksək olan şəxs avtomatik qaydada müəyyən edilir və müvafiq tədbirlər görülür. Lakin həkimlər tövsiyə edirlər ki, bu günlərdə kütləvi yerlərdə, ictimai nəqliyyatda maskadan istifadə edilməsi məsləhətdir. Tövsiyə edilir ki, yanınızda asqıran şəxs olduğu zaman dərhal salfetka ilə ağız və burunu bağlamaq lazımdır. Bu kimi qoruyucu tədbirlər keçici xəstəliklərin yayılmasının da qarşını alır.
“Yeni Müsavat”