İstər dünyada, istərsə də ölkəmizdə sağlamlıqla bağlı ən ciddi problemlərdən biri də hipertoniyadır.
Üstəlik, hipertoniya ölüm səbəbləri arasında ilk sırada yer alan ürək-damar xəstəliklərinə yol açan ən əsas amillərdən biri hesab olunur.Acıbadem Universiteti Tibb Fakültəsi Kardiologiya fundamental elm sahəsi üzə tədris üzvü və Acıbadem Universitesi Atakent Xəstəxanası Kardiologiya mütəxəssisi dos. dr. Ahmet Karabulutun fikrincə, nəzarətdən kənar qalan hipertoniya əsasən beyin, ürək, böyrək və bədəndəki bütün damar strukturuna zərər verərək ciddi sağlamlıq problemlərinə yol açır. Cəmiyyətdə hipertoniya ilə bağlı yanlış fikirlərin bəzən həyati təhlükə yaratdığını qeyd edən Karabulut bununla bağlı fikirlərini bildirərək əhəmiyyətli tövsiyələr verib, bəzi hallarla bağlı xəbərdarlıq edib.
Təzyiqim normaya düşüb, dərmanı kəsə bilərəm
Çox tez-tez yol verilən və böyük təhlükə yaradan geniş yayılmış səhvlərdən biri “Təzyiqim normaya düşüb, dərmanı kəsə bilərəm” fikridir. Halbuki bu,həyati risk daşıya bilər. Çünki hipertoniya dərmanlarla müalicə edilib ortadan qaldırıla bilən bir xəstəlik deyil. Dərmanlar təzyiqi müəyyən göstəricilər arasında nəzarətdə saxlayır. Dərmanlara ara verildikdə isə təzyiq göstəriciləri yenidən yüksəlir.
Yeməklərə duz atmıram, duza məhdudiyyət qoyuram
Gündəlik qəbul olunan duzun sadəcə 20%-i süfrədən alınır. Hazır qida və çörəklərdə duz dadı olmasa belə tərkibində müəyyən miqdarda duz mövcuddur. Duz diyetinə əməl etmək üçün duzsuz çörəyə üstünlük vermək və xüsusilə də emal olunmuş qidalardan uzaq durmaq lazımdır.
Hipertoniyaya kişilərdə daha çox rast gəlinir
Hipertoniya cinsiyyətdən asılı deyil. Klimaksdan əvvəl qadınlarda daha az rastlanmasına baxmayaraq qadınlarda piylənmə epidemiyasının artması ilə hər iki cinsdə rastlanma riski hazırda bir-birinə yaxındır.
İnsan təzyiqinin yüksəlməsini özü hiss edir
Yüksək təzyiq “səssiz qatil” olaraq da adlandırılır. Nəzərəçarpan əlamətlər büruzə vermədən uzun müddət səssiz yaşayaraq bədəndə ciddi zərərlərə yol aça bilir. Xalq arasında hipertoniyanın klassik əlaməti olaraq bilinən başağrısı əksər hallarda hipertoniyanın əlaməti sayıla bilməz.
Aşağı təzyiq ürəyə daha çox ziyandır
Aşağı təzyiqin ürəyə daha çox ziyan verdiyi haqda fikirlər də yanlışdır. Həm yuxarı, həm aşağı təzyiqin yüksək olması ürəyi yorur. Ancaq aparılan araşdırmalar yuxarı təzyiq göstəricilərinin ürək xəstəliyi riskini daha dəqiq müəyyən etdiyini göstərib.
Hipertoniya yaşlıların xəstəliyidir
Hipertoniya yaşlılarda daha çox rastlanmasına baxmayaraq günümüzdə gənclərin də qapısını döyür. 20 və 30 yaşlarındakı əhalinin 10-15%-də hipertoniyanı müşahidə etmək mümkündür. 50 yaşdan sonra bu göstərici 50%-ə yüksəlir.
Hipertoniyanın diaqnozu birdəfə ölçülməklə qoyula bilər
Hipertoniyanın diaqnozunun qoyulması üçün münasib mühit və şərtlərdə 2 və daha artıq ölçmə zamanı göstəricilərin yüksək olması lazımdır. Ciddi stress altında ölçülən yüksək göstəricilər hipertoniyanın diaqnozu üçün yetərli deyil. Xəstəxanalarda ölçmə zamanı yüksək göstəricilər də “ağ önlük” hipertoniyası baxımından dəyərləndirilməli və lazım gəldikdə ev şəraitində ölçmələr aparılmalıdır.
Hipertoniyada tək çarə yolu
Xüsusilə yeni diaqnozu qoyulan hipertoniyanın birinci mərhələsi həyat tərzinin səmərəli dəyişikliyi və dərmandan istifadə etmədən nəzarət altından saxlanıla bilir. İrəli mərhələlərdəki yüksək təzyiqdə həyat tərzi dəyişikliyi və diyetlə dərman sayı və dozalarında azalma əldə edilə bilər.
Süfrə duzundan başqa bütün duzlar zərərsizdir
Yalnız satışda olan emal edilmiş süfrə duzunda deyil, başqa duzlarda da (qaya duzu, okean duzu, Himalay duzu və s.) natrium miqdarı yüksək olduğu üçün bu duzların qəbulu təzyiq göstəricilərində artıma səbəb olur.
Hipertoniya xəstəsiyəm, idmanla məşğul ola bilmərəm
Müntəzəm məşqlər və idman zənn edilənin əksinə olaraq təzyiq göstəricilərinə nəzarət edilməsinə müsbət təsir edir. Bu təsir əsasən ikinci ayda özünü göstərir. Məşqlərin müntəzəm şəkildə, ama yüngül və orta səviyyədə edilməsi lazımdır. Ağır məşq hərəkətləri təzyiq göstəricilərini artıra biləcəyi üçün məsləhət görülmür.
Saglamolun.Az