Bayram günlərində yediklərimizə görə kökəlmə ehtimalımız nə qədərdi?
Sabahdan Novruz bayramıdı. 7 gün evdə olarkən bayramın müxtəlif təamlarından qaydasında dadmaq, qonaqlıqlarda açılan süfrələrdən yan durmamaq heç də asan deyil. Xüsusən də dieta saxlayanlar üçün... Bəs belə bir gündə həmin insanlar necə qidalanmalıdır ki, onların saxladıqları dieta və orqanizmdəki balans pozulmasın?TurpKimi.com mövzu ilə bağlı dietoloq Lalə Cəfərovanın fikirlərini alıb. Lalə xanım danışarkən bildirdi ki, bayram günlərində istər yenicə, istərsə də çoxdan dietaya başlayan pasiyentlərinə 2 gün istədikləri qidalardan yemələrinə icazə verir:
“Dieta saxlayarkən istədiyini yeyə bilməyən insan özünü digərlərindən seçilmiş sayır. Bu isə bədəndə stress hormonunun artmasına səbəb olur. Həmin hormonun artması digər hormonlara da təsir edir və bu zaman insulinin ümumi səviyyəsi qalxır. Bu o deməkdir ki, arıqlamaq prosesi getmir.
İnsulin isə mədəaltı vəzin ifraz etdiyi hormondu və piylərin parçalanmasının qarşısını alır. Ona görə də dieta saxlayan insanlar 2 gün istədikləri qidalardan yeyə bilərlər, amma 2 gündən sonra pəhrizlərinə davam etsinlər. Və yaxud mən pasiyentlərimə 2 gün əlavə “yüklənmə günü” təyin edirəm.
Bilirsiniz, insan psixoloji cəhətdən sıxılanda stresə düşür və “həyata bircə dəfə gəlmişəm, bayramda yemə, toyda yemə, orda yemə... o zaman nə üçün yaşayıram?!” düşüncəsiylə özlərini başqalarından seçilmiş hiss edirlər. Bu isə daxildə partlayışlar yaradır. Lakin qeyd edək ki, bir müddət dieta saxlayan insanlar daha sonra qidalara acgözlüklə yanaşmırlar. Orqanizmdə insulin qaydasında olduğuna görə dieta saxlayanlar dadları, qidaları adi qarşılayırlar. Ancaq orqanizmdə insulinin miqdarı qaydasında olmayanda qidalar insana hədsiz dadlı gəlir".
Az yemək üçün nə etməli?!
Lalə xanım 2 günlük sərbəst qidalanmanın dieta saxlayanlar üçün faydasından da danışdı:
“Pəhriz saxlayan insanlar bir qayda olaraq yeməkdən yarım saat əvvəl 250 qram (1 stəkan) su içsinlər. Bu, insanda həm toxluq hissi yaradır, həm də qarşısına qoyulan qida rasionunun 50 faizini yemiş olur.
Bayram günlərində pasiyentlərə qidalanma ilə bağlı hansısa qayda deyildikdə, onsuz da onlara riayət etmirlər. Ona görə də psixoloji olaraq onları sıxmamaq lazım, həm də başqa insanlardan seçilməmələri üçün fərq qoymuruq. Amma gündəlik həyatlarına keçdikləri zaman, pasiyentlərə hansı şirniyyatı nə vaxt, hansı aralıqda yeməlidilər və sair kimi qaydaların olduğu başqa proqram tətbiq edilir.
Uzun müddətli pəhriz saxlayanların 2 gün istədiyini yeməsi həm də çox xeyirlidir. İnsan uzun müddət pəhriz saxladığı zaman bu, orqanizm üçün adiləşir və çəki artmır. Çünki həmin rejim onun həyat tərzinə çevrilib. Lap bayram olmasa belə pəhriz saxlayanlara ayda bir dəfə ürəkləri istəyən yeməklərdən tutmuş şirniyyatına qədər hər şeydən dadmaları üçün sərbəstlik verirəm. Həmin gün bədəndə maddələr mübadiləsi sürətlənir. Çünki bədənə qlükoza və ya digər elementlər daxil olduqda, halbuki hər zaman onlardan çox az istifadə edirik, orqanizm məcbur olur ki, maddələr mübadisəlini daha da sürətləndirsin. Səhəri gün qidanı yenə azaltdığımız zaman istər-istəməz enerji azlığı əmələ gəlir, amma maddələr mübadiləsi sürətlə çalışır və həmin karbohidratlar olmadığı üçün piylərin parçalanması daha sürətli şəkildə davam edir.
Bayramda 2 gündə kökələ bilmərik!
Ümumiyyətlə, heç bir orqanizm bir gündə nə 1 kq piy əmələ gətirə, nə də 1 kq piy yandıra bilmir. Əgər 2 gün ərzində diet saxlayanlar istədikləri yeməklərlə qidalandıqda onların bədənində artıq çəki və ya şişkinlik olursa, bunun səbəbləri var. Başlıca səbəblər allergiya, hormonların səviyyəsinin dəyişməsi, böyrək və ürək-damar xəstəlikləri ola bilər. Ona görə də dieta saxlayan insanlarda bu kimi problemlər yodursa, 2 gündən sonra yenidən əvvəlki qidalanma rejimlərinə keçsələr, həmin günlər onlar üçün heç bir fərq yaratmayacaq.
Ümumiyyətlə, artıq çəki bir xəstəlikdir, estetik problem deyil. Xəstəliyi isə gözəllik salonlarında vaxt itirməklə deyil, müalicə etmək lazımdı.
Firuzə Alimova / TurpKimi.com