Azərbaycanda ürək əməliyyatında ilk

Azərbaycanda ürək əməliyyatında ilk backend

Azərbaycan səhiyyəsində ilk dəfə olaraq xəstənin özünün ürək pərdəsindən pozulmuş ürək qapağının yenisi ilə əvəzolunmasında istifadə edilib.

Trend-in məlumatına görə, “Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxananın Ürək və Damar Cərrahiyyəsi şöbəsində tanınmış ürək-damar cərrahı, klinikanın baş həkimi, professor Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.

Dünyada çox az sayda mərkəzdə və çox az sayda cərrah tərəfindən tətbiq olunan bu əməliyyatın ölkəmizdə həyata keçirilməsini Azərbaycan səhiyyəsinin növbəti uğuru kimi dəyərləndirən K.Musayevin verdiyi məlumata görə, klinikaya aortal qapağın ciddi kalsifik stenozu səbəbilə müraciət edən 73 yaşlı kişi xəstə, əməliyyatdan bir həftə sonra artıq evə yazılıb.

Ürək qapaqlarının anatomik və funksional ciddi pozulmalarında cərrahi müalicə tətbiq olunduğunu bildirən K.Musayev klassik cərrahiyyədə bu qapaqların mexaniki və bioloji protez qapaqlarla dəyişdirildiyini, ancaq həm mexaniki, həm də bioloji protez qapaqların özünəməxsus problemlərinin daim aktual olduğunu qeyd edib:

"Alternativ metod kimi qapaqların təmiri əməliyyatları getdikcə geniş yayılsa da, təəssüf ki, bütün xəstələrdə tətbiq oluna bilmir. Son illərdə yapon alimi professor Şiqeyuki Ozaki tərəfindən təklif edilən metod aortal qapağın cərrahi müalicəsində inqilabi dəyişikliyə səbəb olub. "Ozaki əməliyyatı" adlanan bu yanaşmada pozulmuş aortal qapaq xəstənin öz ürəyinin pərdəsindən hazırlanmış qapaq tayları ilə əvəz olunur. Ürəyin pərdəsi (autoloq perikard) xüsusi metodla hazırlanır”.

Uzun müddətli dayanıqlılıq üçün bu hazırlama mərhələsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən K.Musayev əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağın normal qapaqdan ayırd edilməsinin mümkün olmadığını bildirib.

K.Musayev qeyd edib ki, əməliyyat zamanı heç bir süni və sintetik materialdan istifadə etmədən aortal qapaq rekonstruksiya olunur. Ona görə də əməliyyatdan sonrakı exokardioqrafik yoxlamalarda bu qapağı normal qapaqdan ayırd etmək çox çətindir.

Ürək qapaqlarının bu cür metodla dəyişdirilməsinin pasiyentlər üçün həm tibbi, həm də maliyyə baxımından çox sərfəli olduğunu bildirən K.Musayev bu əməliyyatın həm yuxarı, həm də aşağı yaş qrupu xəstələrdə həyata keçirilməsinin vacib olduğunu deyib: "Ozakinin öz nəticələrinə baxsaq, 10 il ərzində təkrar müdaxiləsiz yaşam göstəricisi 95,8 %-dir. Maddi baxımdan da bu metod sərfəlidir, çünki kifayət qədər bahalı olan protez qapaqlardan istifadə olunmur. Bu metodun istifadəsi yaşlı xəstələrdə ilk seçim olmalıdır. Uşaqlarda istifadəsi isə daha maraqlıdır. Protez qapaqlardan istifadə olunması böyüdükcə uşaqlarda kifayət qədər ciddi problemlər yaradır. Bu problemləri Ozaki əməliyyatı ilə önləmək mümkündür. Eyni zamanda, qandurulducu dərman istifadə edə bilməyən və ya etmək istəməyən xəstələrdə, həmçinin, əməliyyatdan sonra hamilə olmaq istəyən gənc qadın pasiyentlərdə də istifadəsi məqsədəuyğundur".
Diaspora