Son zamanlar çox yayılan panik atakdan xilas yolları

Son zamanlar çox yayılan panik atakdan xilas yolları backend

Panik atak çox yayılmış nevroloji pozulmadır.

Statistikaya görə, insanların 6-8%-i nevrozun bu növündən əziyyət çəkir.

Psixologiya.net bildirir ki, panik atak əsasən çox həssas, sinir sistemi zəif olan insanlarda inkişaf edir. Bu pozulma hər yaşda başlaya bilər, ən çox 20-35 yaşları arasında başlayır. Qadınlarda kişilərə müqayisədə 2-3 dəfə çox olur.

Panik atakın əlamətləri:

- Sinə ağrısı və ya sinədə sıxılma hissi

- Nəbzin tezləşməsi, taxikardiya

- Tərləmə

- Güclü təngnəfəslik, boğulma hissi

- Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma

- Üşümə və ya əksinə istilik hissi

- Ürəkbulanması, qarın ağrısı

- Bədəndə titrəmə hissi

- Özünü və ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə

- Güclü ölüm, iflic keçirmə, dəli olma qorxusu.

Panik atak ani başlayır, get-gedə şiddətlənir, çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir. Bir neçə dəfə bu vəziyyətdə olan insan panik atakın təkrarlanmasından qorxmağa başlayır, onun yaxınlaşmasını hiss edir, daim narahat, əsəbi olur, qorxur, depressiyaya düşür. Xəstəyə elə gəlir ki, o, dəli olmağa başlayıb.

Bir çox hallarda xəstələr panik atakdan sonra həkim-həkim gəzməyə başlayır, müxtəlif müayinə və analizlərdən keçir. Əksər hallarda analizlər və müayinələr heç bir pozulmanı göstərmir. Xəstə ürəyində və ya beynində "təhlükəli xəstəliyin" olduğuna, ancaq həkimlərin bunu heç cür tapa bilmədiyinə inanmağa başlayır. Bu vəziyyət xəstəni çox üzür.

Bəzən həkimlər tərəfindən səhv diaqnoz qoyulur. Bu zaman xəstə antibiotik, təzyiq və ürək dərmanları, vitamin və s. dərmanlarla müalicə edirlər, ancaq müalicə heç bir effekt vermir.

Xəstələrin 60%-dən çoxu panik atakın gələcəyi yer və vəziyyətlərdən qaçmağa başlayır. Tək evdə qala bilməzlər, küçəyə tək çıxa bilməzlər, avtobus, gəmi, metro kimi nəqliyyat vasitələrinə, liftə minə bilməzlər, dar küçədən ya da körpülərdən keçə bilməzlər, bazar, böyük mağazalar kimi izdihamlı yerlərə girə bilməzlər. Xəstələrin, tək olarsa panik atak keçirəcəyini zənn etdikləri yerlərə gedə bilməməsi, o növ yerlərdə qala bilməməsi vəziyyətlərinə "aqrofobiya" deyilir.

Diaqnostika

Panik atakın diaqnozunu qoymaq üçün digər bu simptomlara səbəb ola bilən xəstəlikləri (ürək xəstəlikləri, qalxanvari vəzi fəaliyyətində pozulmalar, qanazlığı, epilepsiya və s.) istisna etmək lazımdır. Bunun üçün xəstəyə ümumi qan analizi, qalxanvari vəzi hormonlarının analizləri, kardioloji və nevroloji müayinələr və s. təyin edilir.

Müalicə

Panik atakın müalicəsi ilə psixoterapevt məşğul olur. Panik atak olanlar üçün ən uyğun müalicə üsulu dərman müalicəsi və psixoterapiyanın birlikdə icra edilməsidir.

Panik atakdan əziyyət çəkən insanlar psixoloji rahat şəraitdə yaşamalı, streslərdən uzaq olmalı, kifayət qədər yatmalı və dincəlməli, fiziki aktiv olmalı, normal qidalanmalıdır.

Xüsusi nəfəsalma gimnastikası da yaxşı kömək edir.

Panik hücumu əsnasında insanların öldüklərinə, havalandıqlarına ya da davranışlarının nəzarət altından çıxdığına dair heç bir tibbi məlumat yoxdur. Bu səbəblə panik atak keçirdiyiniz zaman bunun ölümcül olmadığını, havalanmağa gətirib çıxarmayacağını, hiss etdiyiniz narahatlığın keçəcəyini düşünməlisiniz.


Saglamolun.Az
Diaspora