Belə hesab olunur ki, dəniz suyu durğun sulardan fərqli olaraq duzluluğu hesabına xəstəliktörədiciləri məhv edir, öz özünü təmizləyir. Amma bu həmişə belə olmur.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, dəniz sularında duzluluq müəyyən səbəblərdən azaldıqda və xəstəliktörədicilərin miqdarı çox olduqda insanlar, xüsusən də uşaqlar müxtəlif infeksiyalara yoluxur:“Son vaxtlar uşaqlarda bağırsaq infeksiyalarına, dəridə səpkilərə, konyunktivitə (gözün iltihabına) daha çox rast gəlinir. Dəniz qumundan helmintlərə (qurdlara) və göbələyə yoluxma da mümkündür. Uşaqların ağzına su keçməməsi üçün ciddi nəzarət etmək və qulaqlarını qorumaq üçün xüsusi qulaqcıqlardan istifadə etmək lazımdır. Bundan başqa dəniz qumunun təmizliyinə şübhə varsa, ayaqyalın gəzmək düzgün deyil, çimərlik ayaqqabılarından istifadə olunmalıdır. Çılpaq halda dəniz qumuna uzanmaq tövsiyə olunmur. Təmiz olmayan qum müxtəlif problemlər yaradacaq”.