Diyetoloq Leyla Zülfüqarlı: “Qidaları qarışdırmaq da zəhərlənməyə gətirə bilər...”
İsti yay mövsümündə yaşanan problemlərdən biri də zəhərlənmələrdir. Bəzən bu zəhərlənmələrin ölümlə də nəticələndiyinin şahidi oluruq. Bəs zəhərlənmlər nədən və necə yaranır, onlardan qorunmaq üçün nə etməli?Ekspertlər qeyd edirlər ki, yay mövsümündə əsasən ət və süd məhsulları, quş əti, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, eləcə də qarpız və yumurta kimi qidalardan istifadə zamanı zəhərlənmələr yaşana bilir. Əsasən zəhərlənmələr ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü büruzə verir.
Adətən qida zəhərlənməsi bir neçə günə aradan qalxır. Lakin təəssüf ki, bəzən zəhərlənmələr ağır fəsadlara gətirib çıxarır. Bunun üçün də tövsiyə olunur ki, yay mövsümündə soyuducularda ərzaqları ehtiyatla saxlamalı, qidaların son istifadə tarixi diqqətlə yoxlanılmalıdır.
Yay mövsümündə xüsusən də uşaqlar arasında dondurmadan zəhərlənmələr müşahidə olunur. Bu günlərdə Qida Təhlükəsizliyi Agnetliyi vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, dondurma alarkən son dərəcə diqqətli olmaq lazımdır. Qurumun əməkdaşı Mansur Piriyev bu barədə mətbuata açıqlamasında bildirib: “Məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir. Əhali rəngli dondurmalara xüsusi diqqət yetirməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol aça bilər. Dndurma marketlərdə tələb olunan qaydalarda saxlanmalıdır. Dondurmanın qabı əzilmişsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə məhsulun dadına mənfi təsir göstərir və zəhərlənmə təhlükəsini artırır. Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmamalıdır”.
Yay mövsümündə qarpızdan zəhərlənmə az qala adi hala çevrilib. Ekspertlər qeyd edir ki, qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi sayılır. Qeyd olunur ki, gün altında satılan qarpız insan orqanizmi üçün təhlükəlidir. Qarpız-yemiş qaydaya əsasən sərin yerdə saxlanılmalıdır. Lakin bir çox satıcılar buna əməl etmir və bu da fəsadlara yol açır.
Alınan qarpız mütləq şəkildə digər meyvələr kimi yuyularaq doğranılmalıdır. Nəzərə alınmalıdır ki, qarpız torpaqda bitir və açıq havada satılır. Adətən alıcılar onu yumadan kəsir. Bu zaman qarpızın üstündəki mikroblar içinə düşür və bu mikroblar bir neçə müddətdən sonra insan orqanizmində özünü büruzə verməyə başlayır, zəhərlənmə baş verir.
Həkimlər bildirir ki, qarpızdan zəhərlənmə zamanı zərərçəkən süni şəkildə qusdurulmalı, imalə olunmalı, toksinlər bədəndən xaric edilməlidir. Zəhərlənən şəxsin çoxlu maye qəbul etməsi məsləhətdir. İlkin yardım kimi bunu ev şəraitində etmək olar və bu proses özü həkim yardımı qədər vacibdir. Bundan sonra xəstə hökmən xəstəxanaya çatdırılmalıdır. İstənilən zəhərlənmə zamanı həkimə müraciət edilməlidir ki, sonra onun fəsadları əziyyət verməsin.
Ekspertlər qeyd edir ki, yay mövsümündə, xüsusən də anormal istilər olduğu zaman konserviləşdirilmiş qidalardan az istifadə edilsin. Bu cür qidalardan zəhərlənmələr bəzən ağır nəticələrə gətirib çıxarır.
Daha nələrə diqqət etməliyik?
Dietoloq Leyla Zülfüqarlı bu haqda “Yeni Müsavat”a danışdı: “Ümumiyyətlə, elə qida növləri var ki, mövsümdən asılı olmayaraq onların bir-birinə qatılması zəhərlənmələrə yol açır. Yay mövsümündə bir çox qidaların daxilində bakteriyalar yarana bilir, bu da doğrudan da təhlükəli olur, insanları xəstəxanaya qədər apara bilir. Çox zaman deyilir ki, yayda balıq yeyilməz. Lakin bildiyimiz kimi dünyanın bir çox ölkələrində isti yay mövsümündə belə balıq yeyilir. Sadəcə, diqqət etmək lazımdır ki, balığın saxlanılma şəraiti araşdırılsın, düzgün bişirilsin. Ümumiyyətlə balıq tez xarab olan qidadır və isti mühitdə bu qida düzgün saxlanılmalıdır. Bunun üçün də balıq qidalarından mümkün qədər ehtiyatlı olmalıyıq. Həmçinin, tez-tez rastlaşırıq ki, bir çox meyvələr süfrəyə verilərkən bir qabda qoyulur. Məsələn, giləmeyvələrlə gilasın birlikdə qoyulması və yaxud qəbulu fəsadlar yarada bilir. Bunun üçün də meyvələr süfrəyə tək halda qoymalı, hətta soyuducuda belə ayrı-ayrı hissələrdə yerləşdirilməlidir. Bildiyiniz kimi yay mövsümündə meyvələrdən də zəhərlənmələr baş verir. Beləliklə tövsiyə olunur ki, meyvələr soyuducuda ayrı-ayrılıqda saxlanılsın və ən əsası mütləqdir ki, qəbul edilərkən yuyulsun. Qarpızdan zəhərlənmələr isə adi hala çevrilib. Mütləqdir ki, qarpız öz mövsümündə yeyilsin. Əks halda parnik şəraitində yetişdirilən qarpızlar təhlükəli olur. Çünki onun yetişməsi üçün kimyəvi maddələr vurulur.
Yayda dondurmalardan da zəhərlənmələr tez-tez baş verir. İlk öncə diqqət etmək lazımdır ki, dondurmadan əvvəl hansı qida qəbul edilib. Məsələn, yeməyin üstündən dərhal dondurma qəbul etmək olmaz. Bu qidanı yeməkdən iki saat sonra və ara müddətlərdə qəbul etmək lazımdır. Ayran, dondurma kimi qidaların saxlanma müddəti 4-5 gün olur. Bunun üçün də dondurmaları alarkən tarixinə mütləq şəkildə diqqət etmək lazımdır".