Tibbi bankalardan ilk dəfə çinlilər istifadə etməyə başlayıb.
Onların fikrincə, həmin prosedur orqanizmin xarici mühitin zərərli amillərinə qarşı müqavimətini artırır, qan dövranını aktivləşdirməklə həyat enerjisini yüksəldir. Banka bədənə qoyulanda dərinin bir hissəsi onun içərisinə sorulur, nəticədə bədənin həmin hissəsində qanın dövranı yaxşılaşır, hüceyrələr yenilənir, mübadilə prosesləri sürətlənir.Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, postsovet ölkələrində banka qoyulması prosedurundan indi də istifadə edilir. Bizim ölkəmizdə də banka qoyulması çox geniş yayılıb. Lakin bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın səhiyyə sistemində tibbi bankalardan istifadə qadağan olunub. Təəssüf ki, həmin müalicə üsulu barədə həkimlərin ortaq mövqeyi yoxdur və onların fikirləri haçalanır.
Bir sıra həkimlərin fikrincə, tibbi bankalar qoyulması ilə təkcə soyuqdəymə deyil, həmçinin kəskin mərhələ keçəndən və temperatur azalandan sonra bronxit və pnevmoniyalar da müalicə olunur, onun başağrısı, qarın, bel, kürək və oynaq ağrıları zamanı da faydalı olduğu hesab edilir. Müasir Çin təbabəti hələ də başgicəllənməsi, öskürək, bronxial astma, hətta ishalın müalicəsində də banka qoyulmasının faydasını istisna etmir.
Müxtəlif ölçü və quruluşa malik bankalardan qoyulması ilə aparılan vakuum-müalicələr indinin özündə də aktualdır. Tibbi bankalarla müalicənin tərəfdarlarının qənaətinə görə, osteoxondroz, əzələ spazmı, radikulit, lümbaqo, bronxit, xroniki pnevmoniya, bronxial astma, mədə və onikibarmaq bağırsaq xəstəliklərində onun faydalı təsiri var.
Banka prosedurunun ən mənfi cəhətlərindən biri onların yerində qalan ləkələrdir. Həmin ləkələr adi qançırı xatırlatsa da, gec sorulur. Vakuum-qradient müalicəsi ilə məşğul olan həkimlərin fikrincə, bankadan sonra qalan ləkə hematoma deyil, qanın damar divarından toxumalara sızmasıdır. Onun tərkibində təkcə qan elementləri deyil, həmçinin plazma zülalları, bioloji aktiv maddələr- histamin, prostoqlandin, neyromediator, hormon və s. maddələr olur. Onlar orqanizmin müdafiə qabiliyyətinin bərpasına şərait yaradır. Ləkənin rənginin tündlük dərəcəsi xəstəliyin ağırlılığı və orqanizmin toksinlərlə zəhərlənmə dərəcəsinə adekvat olaraq artır.
Xəstəlik yüngül formada olanda bankalama üsulu ilə ev şəraitində də müalicə aparılır. Həmin vasitə ilə boyun və bel ağrılarını azaltmaq, arterial təzyiq, yuxusuzluq, başağrısı və yorulma zamanı xəstənin vəziyyətini yaxşılaşdırmaq mümkündür.
Tibbi bankanı qoymaq üçün nazik çubuğa pambıq dolanır, spirtə batırılaraq yandırır, onu tibbi bankanın içinə salıb çıxarandan sonra dərhal bədənə, əsasən kürək nahiyəsinə qoyulur. Dəri bankaya sorulanda müalicəvi təsiri yüksək olur. Əvvəlcə 1 dəqiqə saxlanılır, növbəti dəfə zaman kəsiyi 15 dəqiqəyə qədər uzadılır. Prosedur zamanı xəstədə xoş hissiyyat olmayanda bankalar dərhal çıxarılmalıdır. Proseduru təkrar etmək lazım gələndə ən azı bir, yaxşı olar ki, iki-üç gün fasilə verilsin.
Mütəxəssislərin bir qismi təbii banka üsulunu qəbul etmir. Bir sıra Avropa ölkələrində isə bankalar ümumiyyətlə tibbi arsenaldan çıxarılıb. Bəzi həkimlərin fikrincə, banka nəinki infeksiyanın qarşısını almır, əksinə, onun orqanizmdə yayılmasına və bronxlardan ağ ciyər toxumasına keçməsinə səbəb olur.
Bəzi xəstəliklərdə isə banka qoyulması yolverilməzdir. Xüsusən endokardit, miokardit, ürək qüsurları, ağır hipertoniya, miokard infarktı və stenokardiya zamanı xəstəyə banka qoymaq olmaz. Bundan başqa kəskin infeksiyalar, skleroz, damar trombozu, orqanizmin kəskin zəifləməsi və dəri xəstəlikləri zamanı da tibbi bankaların qoyulması əks göstərişdir.