Ürək çatışmazlığının əsas əlamətləri - Siyahı

Ürək çatışmazlığının əsas əlamətləri - Siyahı backend

Orqanizminizdə ən vacib orqanın ürək olduğunu şübhəsiz ki, bilirsiniz. İnsan ömrünün uzunluğunu şərtləndirən ən vacib amillər məhz ürəklə bağlıdır.

Son vaxtlar Azərbaycanda insanların cavan yaşlarında ürəklə bağlı problemlər üzündən vəfat etdiyini eşidirik. Adətən, ürəklə bağlı bütün problemlər ürək çatışmazlığı ilə başlayır. Ona görə də hər kəs bu mövzuda heç olmasa, minimal səviyyədə məlumatlı olmalıdır.

Ürək çatışmazlığı nədir

Normal rejimdə ürək qanı aşağı təzyiqlə qəbul edir və yüksək təzyiqlə damarlara vurur. Ürəyin genişlənərək qanla dolması mərhələsi "diastola”, sıxılaraq qanı damarlara vurması mərhələsi isə "sistola” adlanır. Bəzən ürək orqanizmin metabolik tələblərini ödəyə biləcək həcmdə qanı sıxılma yolu ilə ötürə bilmir (sistolik disfunksiya). Başqa bir halda isə ürək bu tələbləri yalnız ürək boşluğunun qeyri-normal dərəcədə yüksək təzyiq altında dolması hesabına yerinə yetirə bilir (diastolik disfunksiya). Başqa hallarda isə yuxarıda göstərilən hər iki disfunksiya yaşanır. Hər üç halda diaqnoz "ürək çatışmazlığı” olacaq.

Ürək çatışmazlığı niyə təhlükəlidir

Məlumdur ki, qan insan orqanizmində nəqliyyat rolunu oynayır. Bütün vacib maddələri müxtəlif orqanlara məhz qan daşıyır. Məsələn, insanın yaşaması üçün ən əhəmiyyətli maddə oksigendir. Nəfəs aldığınız zaman ağciyəriniz havanı yandıraraq oksigeni kapilyarlar vasitəsilə qana ötürür, o isə oksigeni orqanizmin bütün vacib nöqtələrinə, xüsusən də beyinə daşıyır. Bu, təkcə oksigenə deyil, qidaların tərkibindəki vitamin və minerallara da aiddir. Əzələnizə vurulan hansısa inyeksiyanın boğazınızdakı problemə kömək etməsi də bununla izah olunur – əzələdə kapilyarlar vasitəsilə qana keçən dərman qan dövranı nəticəsində boğaza çatır və orada öz təsirini göstərir. Ürək çatışmazlığı halında isə bütün bu proseslər pozulur.

Ürək çatışmazlığının əlamətləri

Bu əlamətləri ürəyinizin yerləşdiyi nahiyədə axtarmayın. Əgər ürəyinizin yerləşdiyi nahiyədə hər hansı problem görmürsünüzsə, bu hələ ürəyin sağlam olduğunu təsdiqləmir. Özünüzü ürək çatışmazlığından qorumaq üçün aşağıdakı əlamətləri diqqətlə oxuyun, bu əlamətlərdən hər hansı birini özünüzdə və ya yaxınlarınızda müşahidə etsəniz, dərhal həkimə üz tutun. Beləliklə, ürək çatışmazlığının əsas əlamətləri:

Fiziki hərəkətlər edərkən təngnəfəslik. Xəstəlik gücləndikcə insan təkcə fiziki hərəkətlər zamanı deyil, həmçinin sakit dayandığı halda da təngnəfəs olur.
Ortopnoe – gecələr ürək astması və öskürək tutmaları. Bu zaman uzandığı halda insanın nəfəs alması çətinləşir, yerindən qalxıb oturduğu zaman nisbətən rahat nəfəs almağa başlayır. Bəzən ortopnoe o qədər güclənir ki, xəstə oturduğu vəziyyətlə yatmağa məcbur olur.

Gecə öskürəkləri. Bəzən belə öskürəklər zamanı ağciyərdən qan da gələ bilər. Səbəbi isə qanın ağciyərdə hərəkətsiz qalması ilə bağlıdır.

Ürək çatışmazlığının tipik əlamətlərindən biri də huşsuzluqdur. Səbəbi insan beyninə lazımi qədər qanın gedib çıxmaması ilə bağlıdır.

Gündüz diurezinin (sidiyə getmənin) azalması. Diurez adətən, gecələr başlayır. Bəzən bir gecədə dəfələrlə diurez tələb olunur. Səbəbi isə böyrəklərə qanın lazımi qədər çatmamasıdır.

Ürəyin sağ mədəcik çatışmazlığı zamanı xəstə sağ qabırğanın altında sıxıntılar hiss edir. Səbəbi odur ki, qaraciyərdə həddən artıq çox qan yığılıb qalır. Həmçinin ağır formalarda qarın boşluğuna maye də yığılır.

Bundan başqa topuqlarda şişkinlik müşahidə edilir. Əgər xəstə günün əksər hissəsini vertikal vəziyyətdə (ayaq üstə və ya oturaraq) keçirərsə, bu şişlər axşama doğru güclənir, səhər oyananda isə yoxa çıxır.

Əlavə olaraq qeyd edək ki, əgər insanda bu əlamətlərdən biri müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır.

saglamolun.com
Diaspora