Hal hazırda payız və qış aylarında supermarketlərdə istənilən meyvələri almaq mümkündür.
Lakin həkimlər bu meyvələri yemək tövsiyə etmirlər. Məsələ burasındadır ki, bu meyvələrin bir çoxusu uzaq cənub ölkələrdən gətirilir, kal şəkildə yığılır, yaxşı saxlanılması üçün müxtəlif konservantlar və digər kimyəvi maddələrlə işlənilir (məhz bu səbəbdən onlar xarab olmur, onlara qurd düşmür). Bütün bunlar isə bu meyvələri insan orqanizmi üçün xeyirli yox, ziyanlı edir.Qış aylarında lazım olan vitamin və mikroelementləri quru meyvələrdən almaq mümkündür. Quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu reseptdən istifadə edə bilərlər: axşamdan 5 dənə qara gavalı qurusu üzərinə 1 stəkan qaynar su əlavə edin və səhərə kimi saxlayın. Səhər acqarına alınmış şirəni için və gavalıları yeyin. Bu sadə vasitə bağırsaqlara "saat kimi" işləməyə kömək edəcək.
Bişmiş çuğundurla qara gavalı salatı da bağırsaqları çox yaxşı işlədir və bundan əlavə orada yığılmış toksin, şlaklar və digər ziyanlı maddələri çölə çıxardır.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.
Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək xəstəlikləri olan insanlar üçün əsl təbii dərmandır.
Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar, hamilə qadınlar üçün olduqca faydalıdır.
Alimlərin fikirinə görə, ərik qurusu onkoloji xəstəliklərin profilaktik vasitəsidir.
Sidikqovucu preparatların əksər hissəsi orqanizmdən kalium elementini yuyub çıxardır. Bu səbəbdən bu preparatları qəbul edən insanlar öz rasionuna mütləq ərik qurusunu daxil etməlidirlər.
İnfarkt keçirmiş insanlar da bu faydalı meyvə qurusunu daim qəbul etməlidir.
Diqqətinizə ürək üçün çox faydalı olan təbii dərman təqdim edirik. 200 qr qoz, 200 qr qara kişmiş, 200 qr ərik qurusu ətçəkən maşınından keçirilir, 200 qr bal əlavə olunur və qarışdırılır. Alınmış qarışığın 3-4 çay qaşığını hər gün qəbul edin. "Müalicə kursu" qeyri-məhduddur. Bu dərmanı sağlam insanlar da qəbul edə bilər. Bu əla profilaktik vasitədir!
Kişmiş də ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur, osteoporoz (yaşlı insanlarda sümüklərin kövrək olması) zamanı və bu pozulmanın profilaktikası üçün çox xeyirlidir, yaddaşı yaxşılaşdırır.
Qara kişmiş qanın tərkibini yaxşılaşdırır, damarları təmizləyir.
Kişmiş öskürək zamanı da yaxşı kömək edir. Kişmişi qaynar süddə isladın və sonra bu südü için, kişmişi isə yeyin.
Əncir qurusu ürək-damar sistemi xəstəlikləri, bronxial astma, öskürək zamanı olduqca faydalıdır, qəbizliklə mübarizədə də yaxşı kömək edir, iltihabəleyhinə təsir edir, bağırsaqlarda yaşayan parazitləri (qurdları) yox edir.
Əncir qurusu xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.
Öskürəklə mübarizədə bu kimi vasitə yaxşı kömək edir: 3-4 quru əncirin üzərinə 1 stəkan qaynar süd tökün və 30 dəqiqə saxlayın. Daha sonra ənciri süddən çıxardın, ələkdən sıxın, südlə qarışdırın və 1/2 stəkan olmaqla gündə 3-4 dəfə qəbul edin.
Alma qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir.
Meyvə qurulardan fayda almaq üçün hər gün müxtəlif meyvə quruları qarışdırıb onlardan bir ovuc götürüb qəbul edin. Qəbul etdikdən əvvəl onları yaxşı yumaq lazımdır.
Meyvə qurulardan hazırlanan kompot da çox xeyirlidir. Lakin bu kompotu bişirmək lazım deyil, bu halda bir çox faydalı maddələr itir. Daha yaxşı üsul: müxtəlif meyvə qurularını yaxşı yuyun, xırda doğrayın, qarıdırın və axşamdan termosda dəmləyin. Səhər isə alınmış dəmləməni için. Bu kompota şəkər yox, bal əlavə etmək daha yaxşıdır.
(saglamolun.az)