"Azərbaycanda ilk dəfə laparoskopik qaraciyər əməliyyatı icra edilib".
Bu barədə Publika.az-a Mərkəzi Neftçilər Xəstəxanasının Endoskopik Cərrahiyyə və Diaqnostika Şöbəsinin müdiri, cərrah-transplantoloq Eldar Əhmədov məlumat verib.Onun sözlərinə görə, bu, Azərbaycan tibbi üçün böyük bir naliyyət sayıla bilər: “Qaraciyərin şiş və törəmələri zamanı qaraciyərin rezeksiyası əməliyyatı ölkəmizdə icra edilir. İndiyədək əməliyyatlar açıq şəkildə aparılırdı. Bu zaman xəstənin qarnında böyük kəsiklər olurdu. Tibbin son naliyyətləri bu kəsiklər olmadan laparoskopik yolla əməliyyatların icrasına imkan verir. Biz bu əməliyyatı 35 yaşlı gənc qadın üzərində aparmışıq. O, qarında ağrılar və dispepsiya şikayəti ilə daxil olmuşdu. Xəstədə yeməkdən sonra tez doyma, ara-sıra qusma şikayətləri var idi. Müayinələr zamanı xəstədə qaraciyərin sol payında 8 sm damar şişi qeydə alındı. O, qarnında böyük kəsik olmasını istəmirdi, həm də estetik görüntü olmasını istəyirdi. Biz də xəstənin istəyini və təcrübəmizə əsaslanaraq əməliyyatı bu üsulla həyata keçirdik. 3-4 dəlikdən açmaqla əməliyyat icra edildi, 3 saat 50 dəqiqə davam edən əməliyyat zamanı qaraciyərin yuxarı sol tərəfindəki təxminən 8 sm-lik şiş çıxarıldı. Xəstə əməliyyatın 3-cü günündə evə yazıldı. Azərbaycanda tibb tarixində qaraciyərin böyük bir pay rezeksiyasının bu cür həyata keçirilməsi ilk hal idi”.
Əməliyyatın bu vaxta qədər nə üçün icra edilməməsinə gəldikdə, E.Əhmədov bunun üçün həkimin özünün bir ön hazırlığının olmasının vacibliyinə diqqət çəkib:
“Qaraciyəri laparoskopik əməliyyat edən cərrahın azı 100-200 əməliyyatı açıq şəkildə icra etməsi lazımdır. Həkimin təcrübəsi vacib şərtdir. Açıq əməliyyat etməyən cərrahın birdən-birə laparoskopik əməliyyat etməsi cahillik sayıla bilər. Çünki bəzən laporoskopik əməliyyat edərkən, qanaxma yarana bilər və bu zaman açıq əməliyyata keçməli olarıq. Bunun üçün də həkimin açıq əməliyyat təcrübəsi mütləqdir. Belə laparoskopik əməliyyatlar ən çox Koreya, Yaponiya, ABŞ-da icra edilir. Bu əməliyyatı icra edən həkimlərin 500-1000 açıq əməliyyat təcrübəsi olur. Adıçəkilən ölkələrdə təcrübədə olmuşuq, Koreyada bu əməliyyatları icra edən Ki Hu adlı bir cərrah var, o, 2000-ə yaxın qaraciyər rezeksiya əməliyyatı edib. Cərrah 1000 açıq əməliyyatdan sonra laparoskopik üsuldan istifadə edib. Bu vaxta qədər bir neçə dəfə bu cür əməliyyat aparmaq istəmişik. Lakin bunun üçün xəstənin uyğun olmaması ilə yanaşı bir sıra problemlər olub. Həmçinin bu əməliyyatların xərci də digər üsula nisbətən çoxdur. Çünki əməliyyatda istifadə edilən alətlər çox qiymətlidir”.
Cərrah qaraciyər laparoskopik əməliyyatlarının üstünlüyündən də danışıb:
“Bu əməliyyatlar açıq icra ediləndə 20-25 sm kəsik izi olur. Həmçinin əməliyyatdan sonra ağrılar çox olur. Ağrı xəstələrin həyat qabiliyyətini aşağı salan məsələdir. Bu əməliyyat isə estetik, həm də ağrıların az olması, xəstənin qısa zamanda normal fəaliyyətinə qayıtmasına imkan verir”.