Noyabrın 22-də jurnalist Natiq Qədimovun 41 yaşında infarktdan dünyasını dəyişməsi media ictimaiyyətini kədərə qərq etməklə yanaşı, həm də cəmiyyət üçün mühüm siqnal oldu. O siqnal isə bundan ibarətdir ki, son zamanlar infarktdan ölümlər gəncləşib.
Deməli, ürəklə zarafat etmək olmaz. Məsələ ondadır ki, heç vaxt sağlamlığından şikayət etməyən, həkimə yolu düşməyən insan belə bir neçə saniyənin içində həyata gözünü yuma bilər. Bu kimi halların qarşısının alınması üçünsə, insanların ürək xəstəlikləri və infarktın əlamətləri ilə bağlı maarifləndirilməsinə və müəyyən yaş həddindən sonra vaxtaşırı müayinə olunmasına ehtiyac var.İnfarktdan necə xilas olmaq olar? Onun ilkin əlamətləri hansılardır? Hansı yaşdan sonra bu təhlükə daha da artır? Vaxtında aşkarlanarsa, infarkt riskindən xilas olmaq mümkündürmü? Hazırda hər kəsi maraqlandıran bu sualları tanınmış kardioloq, professor İdris Xəlilov cavablandırdı.
40 ilə yaxındır ki, bu sahədə çalışan həkim yeganə çıxış yolu kimi, insanların vaxtaşırı müayinədən keçməsini tövsiyə edir: “Adətən deyirlər ki, tam sağlam insan bir anın içində infarktdan dünyasını dəyişdi. Mən düşünmürəm ki, bu insanlar sağlam olub. Onları biz vaxtında müayinə etsəydik, yəqin ki, hansısa problemlər aşkarlaya bilərdik. İndi elə bir dövrdə yaşayırıq ki, ürək xəstəliklərinin diaqnostikasında çox böyük irəliləyişlər var. İnfarktın gəncləşməsi ilə bağlı onu deyə bilərəm ki, bu hər zaman olub. Lakin əvvəllər mətbuatda bu qədər geniş işıqlandırılmırdı deyə, cəmiyyətin məlumatı olmurdu. Dünyanın hər yerində, hər yaşda infarkt xəstəsinə rast gəlmək mümkündür. 1984-cü ildə mənim xəstəm olub ki, 29 yaşında infarkt keçirib. Əgər insanlar 35 yaşından sonra ildə ən azı bir dəfə profilaktik müayinəyə getsələr və ya hər hansı simptomu olan insan həkimə müraciət etsə, o zaman onda olan infarkt və qəfləti ölüm riski və digər əlamətləri biz aşkarlaya bilərik. İnsanlarımız isə bu müayinələrə getmirlər. Bizim praktikamızda elə hal olmayıb ki, xəstədə risklər aşkarlandıqdan sonra müalicə olunmasın və həyatını itirsin. Yalnız o ola bilər ki, xəstə düzgün həkimə getmir və başqa bir sahənin həkiminə müraciət edir. Ümumiyyətlə, döş qəfəsində hər hansı diskomfort varsa, infarkt və qəfil ölümü inkar etməmək, qarın nahiyəsində olacaqsa, apendisiti inkar etməmək lazımdır”.
Kardioloqun sözlərinə görə, ətrafların keyiməsi, tutulması, sinədə ağrıların olması və sair də bir simptomdur: “İnsan heç vaxt birdən-birə infarkt ola bilməz. Adətən öncədən onun müəyyən əlamətləri olur. Hər 10 nəfərdən birində mümkündür ki, heç bir əlamət olmadan qəfil infarkt olsun. Qalan bütün hallarda ağrı və digər simptomlar olur, lakin bu simptomlar xəstəni çaşdırır. Məsələn, barmağı ağrıya bilər, bədəninin bir tərəfi ağrıya bilər. Atipik və tipik simptomlar ola bilər. Üç növ xəstəmiz olur. Birincilərdə heç bir simptom yoxdur, ikincilərdə 80 faiz hallarda klassik simptomlar var. Üçüncülərdə isə atipik simptomlar var, məsələn, xəstə deyə bilər ki, təngnəfəs olur. Həmin xəstələr kardioloqa yaxınlaşsa, mümkün deyil ki, onun xəstəliyini tapa bilməsinlər”.
Kardioloq onu da vurğuladı ki, infarkt üçün ən təhlükəli yaş həddi kişilərdə 35-50 yaş arası, qadınlarda isə 45-55 yaş arasıdır: “Qadınlarda infarkt riski 10 il geridədir. İnfarkt insanlarda 95 faiz hallarda damar darlığının olması səbəbindən baş verir. Damar darlığına görə Azərbaycanda hər gün yüzlərlə xəstəyə stend qoyulur. Stend qoyulduqdan sonra o damar darlığı aradan qalxır. Cavan insanlarda problemin tam aradan qalxması mümkündür, ancaq 70-80 yaşlı insanlarda bir qədər problem yaşana bilər. Ola bilər ki, yaşlılara kömək etmək bir qədər çətin olsun. Ancaq cavan insanlarda birmənalı olaraq, problemi tam həll etmək mümkündür”.
İ.Xəlilov onu da vurğuladı ki, ürək xəstəliklərinin ortaya çıxmasında 4-5 ciddi risk faktoru var: “Onlardan birincisi genetik faktordur, ikincisi stressdir, üçüncüsü insanın anormal həyat tərzidir. əgər insan hər gün yüksək dozada spirtli içki içirsə və ya gündə 2-3 qutu siqaret çəkirsə, bu təbii olaraq onun səhhətində bir problem yaradacaq. Həmçinin oturaq həyat tərzi də zərərli faktorlardan biridir. İnsan normal həyat tərzi yaşamalı, normal yuxu rejimi keçirməlidir. Ancaq istənilən halda əsas çıxış yolu insanın vaxtında müayinə olunması, ən azıdan müəyyən simptomları hiss etdikdən sonra müayinə olunmasıdır. Bu zaman xəstəliyin müalicəsində çox böyük uğur əldə etmək olar. Ölüm faktlarını biz də araşdırırıq, məlum olur ki, onların çoxu ümumiyyətlə, həkimə getməyib. Bu günlərdə bir xəstəni mən müayinə etdim. Şikayəti o idi ki, yatanda nəfəsi kəsilir. Biz ona aparat qoyduq və məlum oldu ki, gecələr bunun ürək döyüntüsünün sayı 15-ə enir. Bu hər zaman qəfil ölüm deməkdir. Biz ona stimulyator aparatı qoyduq və həyatını xilas elədik. Ancaq müayinəyə gəlməsəydi, qəfil öləcəkdi. Bütün qəfil ölümlərin arxasında ciddi səbəblər var. Yoxlanın və əmin olun ki, heç bir problem yoxdur”.
musavat.com