Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?

Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi? backend

“Köp və qəbizlik şikayətlərinə rast gəlinmə halları həddən artıq çoxdur. Bizim toplumda bu şikayətlər daha çox faizlə özünü göstərir.


Müraciət edən xəstələrin böyük əksəriyyəti həzmsizlik, köp və qəbizliklərdən şikayət edirlər”.
Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq Nigar Cəfərova deyib.
Mütəxəssis bildirib ki, köpün yaranması bir çox səbəblərlə bağlıdır. Onun sözlərinə görə, köp şikayəti ilə müraciət edən pasientlərdə daha çox qarında ağrılar, gərginlik şikayətləri olur. Köpün patoloji və funksional səbəblərlə bağlı yarandığını qeyd edən həkim deyib ki, əgər bir şəxs daim gəyirmədən, köpdən, mədəsindəki dolğunluqdan şikayət edirsə, bu, patoloji deyil, funksional səbəblidir.
Həkim-qastroenteroloqun sözlərinə görə, bəzən köp həddindən artıq hava udulması nəticəsində də yaranır. Bu hal daha çox saqqız çeynəyən insanlarda müşahidə olunur: "Köpün ən böyük səbəbi karbohidratlarla bağlıdır. Həddindən artıq karbohidrat qəbulu sorulmanı pozur, qaz, köp yaranmasına səbəb olur".
N. Cəfərova qeyd edib ki, süd məhsullarının, paxlalı bitkilərin sorulması gec baş verdiyi üçün bu qidalar da köp şikayətləri yaradır.
Qastroenteroloq həmçinin qeyd edib ki, antibiotiklərdən nizamsız və mütəmadi istifadəsi bağırsağın mikroflorasının pozulmasına, köp, qaz yaranmasına səbəb olur: “Əgər həkimə köp problemi ilə bağlı müraciət edilirsə, onun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu hal ciddi problemlər də bağlı ola bilər. Mədənin motor funksiyasının zəifləməsi, bir sıra xəstəliklər nəticəsində qida mədədən vaxtına ötürülmür və köp problemi yaranır. Xoralar, bədxassəli törəmələr də köp və qaz şikayətləri yarada bilər. Hormonal pozğunluqlar, zob xəstəliyi, nevroloji problemlər də köp, qaz şikayətlərinə gətirib çıxarır. Nazik bağırsaq infeksiyaları və bağırsaq qurdları da köp yaranmasına səbəb olan amillərdən biridir”.
Həkim bildirib ki, xəstənin köplə yanaşı səbəbsiz yerə çəki itkisi, gecə yuxudan oyadan ağrı, nəcisdə qan, qusma, səbəbsiz ishallar varsa, bunlar həkimə müraciət baxımından çox vacib siqnallardır: “Bu əlamətlər hətta bədxassəli problemlərlə də bağlı ola bilər. Əgər kimsə köplə yanaşı nəcisdə qan görürsə, qusma müşahidə edirsə, səbəbsiz ishallar başlayıbsa, mütləq həkimə müraciət etməlidir".
Mütəxəssis onu da vurğulayıb ki, uzun müddətli köpün əsas səbəblərindən biri qəbizlikdir. Son zamanlar qəbizlik şikayətlərinə geniş rast gəlindiyini deyən həkim vurğulayıb ki, əslində hər gün böyük bayıra gedə bilməmək qəbizlik deyil. Eləcə də bir gündə 3 dəfə bu halın baş verməsi hələ ishal hesab olunmur: “Bir insan 3 gündən bir böyük bayıra gedirsə, bu hal xəstəni narahat etmirsə, 3 gün sonra defekasiya normal baş verirsə bu da qəbizlik sayılmır. 3 gündən çox müddətdə baş verən defekasiya və bu prosesin çətinləşməsi artıq qəbizlik sayılır. Bu hal 3 həftə təkrarlanırsa, bu barədə düşünməyə dəyər”.
Həkim-qastroenteroloq deyib ki, uzun müddətli qəbizliklərin əsas səbəblərdən biri bağırsaqda törəmələrin yaranması, bağırsaq xərçəngi ola bilər. O, oturaq həyat tərzi, hərəkətsizliyin, həmçinin xroniki şəkildə istifadə olunan dərman preparatlarının da qəbizliyə səbəb olduğunu bildirib: "Bəzən xəstə qəbizlik şikayəti ilə daxil olur, xəstəni müayinə etdikdə, söhbət etdikdə məlum olur ki, burada problem qəbizlik deyil, qıcıqlanmış bağırsaq sindromudur. Yəni sırf nevroloji problemlərlə bağlı qəbizlik yaranır və nevroloqun müalicəsi ilə problem aradan qalxır”.


Saglamolun.Az
Diaspora