Son vaxtlar dünyada, eləcə də ölkəmizdə xərçəng xəstələrinin sayı sürətlə artmağa başlayıb. Bəşəriyyətin bəlasına çevrilən bu xəstəliyin tam çarəsi tapılmasa da, əksəriyyət inadla onunla mübarizə aparmağa çalışır.
Çox təəssüf ki, xəstəliyə düçar olanlar arasında məşhur sənətkarlar da var. Onlardan artıq bəziləri dünyasını dəyişsə də, xəstəliklə mücadilə edib yaradıcılqılarına davam edənlər də var.Məlum olduğu kimi, əməkdar artist Kəmalə Müzəffər (Hüseynova) bir müddət əvvəl bu xəstəliyə tutulub. Aktrisanın üz nahiyəsində bazalioma (ən çox yayılan dəri xərçəngi) aşkarlanıb. Xəstəliyin aşkarlandığı ərəfədə aktrisa məşhur “Vicdan haqqı” serialında iştirak edirdi. Aldığı xəstəlik xəbərindən sarsılan Kəmalə Müzəffər bir ara serial çəkilişlərinə ara verərək əməliyyat olundu. Hazırda da aktrisa mütəmadi olaraq həkim müayinəsindən keçir və yeni “Ögey ana” serialında fəaliyyətinə davam edir. Daha bir sevindirici hal, aktrisanın bu günlərdə beynəlxalq film festivalında qalib olması ilə bağlıdır.
Belə ki, aktrisa Mehriban Ələkbərzadənin quruluş verdiyi “Cəza” monotamaşası Başqırdıstanın paytaxtı Ufada 7-14 sentyabr tarixlərində keçirilən VI “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalında nümayiş olunub. Tamara Vəliyevanın “Xəyanət” povesti əsasında Gənc Tamaşaçılar Teatrında hazırlanan monotamaşada qəhrəmanı oynayan aktrisa Kəmalə Müzəffər “Ən yaxşı qadın rolu” nominasıyasında “istedadlı oyun tərzinə görə” diplomuna layiq görülüb.
Xalq artisti, sevimli aktyor Fuad Poladovun da bu xəstəliyə düçar olması xəbəri bütün pərəstişkarlarını sarsıtdı. Belə ki, aktyorun ağ ciyərində xərçəng aşkarlanıb. Buna gör aktyor bu ilin iyulun 12-dən Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb. Xalq artisti son açıqlamasında səhhətndə hələ ki. Bir irəliləyiş olmadığını bildirib.
Xalq artisti Könül Xasıyeva da uzun müddətdir ki, onurğa xərçəngindən əziyyət çəkir. Bu günlərdə yayılan məlumata görə xanəndə xəstəxanaya yerləşdirilib. Danışmaqda çətinlik çəkən Könül Xasıyeva gələcəkdə səhhətinin yaxşılaşacağına ümid etdiyini bildirib. Onu da qeyd edək ki, xalq artisti ağır xəstəlikdən əziyyət çəkdiyi üçün uzun müddətdir ki, səhnədən də uzaq düşüb.
Əməkdar artist Coşqun Rəhimov da xərçəngdən əziyyət çəkən məşhurlardandır. Aktyor uzun illərdir ki, qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Bununla bağlı aktyor üç dəfə əməliyyat keçirib. Buna baxmayaraq Coşqun Rəhimovun hazırda durumu yaxşıdır və aktyor öz fəaliyyətinə davam edir.
Xalidə Gəray,
Musavat.com