Kişi sonsuzluğuna qadınlara nisbətən daha çox rast gəlinir

Kişi sonsuzluğuna qadınlara nisbətən daha çox rast gəlinir backend

Ailə qurulduqdan ortalama bir il ərzində qorunma üsullarından istifadə edilməməsinə baxmayaraq hamiləliyin baş verməməsi sonsuzluq adlandırılır. Müxtəlif həkimlərin praktikası onu göstərir ki, bəzən bu zaman iki il də ola bilər. Lakin mənim fikrimcə, bir ailə qurulubsa və cütlük övlad sahibi olmaq istəyirsə gözləmək üçün bir il də çoxdur.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, mama-ginekoloq, süni mayalanma üzrə mütəxəssis, tibb elmləri namizədi Mahirə İsmayılova bildirib

Həkim deyib: "Hazırda ölkəmizdə nikahdan öncə tibbi təhlillər aparılır ki, bu da bir çox xəstəliklərlə yanaşı, bəzi səbəblərdən yaranan sonsuzluq probleminin qarşısının alınması üçün də müsbət haldır. Ümumiyyətlə dünya ailə statistikasına əsasən, ailələrin 15-10 faizi sonsuzluq problemi ilə üzləşir. Bu insanların əksəriyyətini çox çətin müalicələrə ehtiyacı olan qrup təşkil edir. Kişi və qadın sonsuzluğuna gəldikdə isə hazırda kişi sonsuzluğuna daha çox rast gəlinir. Belə ki, bu problemin əvvəllər qadınlar arasında daha yayğın olmasına baxmayaraq, zamanla bu nisbət dəyişib. Son illərin statistikası isə dünyanın əksər ölkələrində sonsuzluğa səbəb olan problemlərə kişilərdə daha çox təsadüf edildiyini göstərir. Rəqəmlərlə ifadə edildikdə isə ümumi göstəricilərin təqribən 45 faizini kişi sonsuzluğu təşkil edir. Bu çox böyük rəqəmdir. Belə ki, kişi sonsuzluğunun müalicəsi qadınlara nisbətən daha çətindir. Hətta köməkçi reproduktiv texnologiyalar belə kişi sonsuzluğu ilə mübarizədə qadınlara nisbətən daha az müsbət nəticə verir.

Sonsuzluğun yaranma səbəblərinə gəldikdə bunlar müxtəlifdir. Qadın sonsuzluğunda bir sıra faktorlar rol oynayır ki, onları qısa olaraq bir neçə qrupda birləşdirmək olar. Problemin 15-20 faizində boru faktoru əsas rol oynayır. Belə ki, hamiləlik boruların keçiriciliyi hesabına mayalanmış hüceyrənin uşaqlıq istiqamətində irəliləyərək uşaqlığa daxil olması və uşaqlığın divarına yapışması nəticəsində baş verir. Bu "zəncirin” müəyyən "halqalarının” pozulması sonsuzluğa səbəb olur. Səbəblərdən biri də cinsi yollarla keçən infeksiyaların vaxtında müalicə olunmamasıdır. Belə olduğu təqdirdə uşaqlıqdan kənar hamiləliyin baş verməsi də istisna hal deyil ki, bu da əməliyyat vasitəsilə boruların bədəndən xaric edilməsi ilə də nəticələnə bilər. Boruların bağlanmasının bir səbəbi uşaq yaşlarda keçirilmiş, düzgün aparılmayan korbağırsaq əməliyyatları nəticəsində qarın boşluğunda əmələ gələn fəsadlar da ola bilər. Bundan əlavə sonsuzluğun yaranmasının təxminən 15-20 faizini yumurtalıqlarda yumurta hüceyrələrinin yetişmə pozulması təşkil edir. Bu, daha çox endokrin orqanların funksiyalarında baş vermiş dəyişikliklər səbəbindən ovulyasiya prosesinin pozulması nəticəsində meydana çıxır. Bu problemin əsas simptomları kökəlməyə meyllilik, saç tökülməsi, üzlərində əmələ gələn həddindən artıq tüklənmə və sikl pozuntularıdır. Yumurtalıqların polikistik sindromu adlandırılan bu problem yumurtalıqların funksiyasının pozulmasının bir səbəbidir. Lakin sikl pozulmasına eyni zamanda digər endokrin orqanların funksiyasının pozulması da səbəb ola bilər. Bunun yaranma səbəblərindən biri də son illər dünyada, eləcə də Azərbaycanda yayılmış qalxanvarı vəzinin funksiyalarının pozulmasıdır. Bu da birbaşa yumurtalıqların funksiyasına mənfi təsir göstərir.

Digər səbəblərdən biri olaraq endometrioz xəstəliyini də misal çəkmək olar. Endometrioz barəsində çox danışmaq olar, lakin bu problemin səbəbləri tam olaraq hələ də öyrənilməyib. Bu pozuntuların əsas simptomları siklin pozulması və ya uzunmüddətli olub ağrılarla müşahidə edilməsidir. Endometrioz nəticəsində uşaqlığın özündə müəyyən dəyişikliklər baş verir. Çox vaxt bu xəstəlik səbəbindən boruların bağlanmasına da rast gəlinir. Ümumiyyətlə sonsuzluğun qazanılmış olduğu kimi müxtəlif anadangəlmə səbəbləri də var. Bunlara uşaqlığın içində olan anadangəlmə patologiyalar-miomotoz düyünlər, poliplər, uşaqlığın içindəki anadangəlmə çəpərləri misal çəkmək olar. Uşaqlığın içindəki anadangəlmə çəpərlər nəticəsində uşaqlıq sanki iki hissəyə bölünmüş vəziyyətdə olur və bu zaman hamiləliyin baş verməsi mümkün deyil. Aparılan müəyyən müayinələrdən sonra belə xəstələrə cərrahi müdaxilə edilir və yalnız bundan sonra onlar hamiləliyə hazırlanırlar.

Sonsuzluğun meydana çıxmasında psixogen faktorlar da böyük rol oynayır. Bəzi hallarda cütlüklərin hər ikisinin təhlillərində patologiyaya rastlanılmamasına baxmayaraq hamiləlik baş vermir. Bu da, psixogen faktorlara bağlıdır ki, buna da 5-10 faiz hallarda rast gəlinir. Çox vaxt bu problemlə üzləşənlərin psixoloji dəstək nəticəsində təbii yolla hamilə qalması mümkün olur.

Kişi sonsuzluğu barəsində isə çox danışmaq olar. Lakin kişi sonsuzluğunun əsas səbəbi sperm hüceyrələrinin hərəkətində və sayında dəyişikliklərin baş verməsi və ya keyfiyyətinin aşağı olmasıdır. Buna da daha çox içki, siqaret kimi pis vərdişləri olan, müəyyən narkotik maddələrdən istifadə edənlər və ya radiasiya şəraitində işləyənlərdə müşahidə edilir. Kişi sonsuzluğunun daha bir səbəbi də azospermiyadır ki, bu da obstruktiv və nondestruktiv azospermiyaya bölünür. Xəstəliyin əsas səbəblərindən biri keçirilmiş infeksiyalardır.

Sonsuzluğun meydana çıxmasında genetik faktorlar və qohum nikahları da böyük rol oynayır. Bundan əlavə belə insanlar hamiləlik baş verdiyi təqdirdə belə çox zaman dölün inkişafdan qalması və ya düşməsi ilə də üzləşirlər.

Onu da qeyd edim ki, səbəbi olmayan sonsuzluqlar da var ki, bunların müalicəsində konservativ üsullar nəticə vermədikdə bu insanlara süni mayalanma üsulu təklif olunur”.
Diaspora