Min bir dərdə dərman olan tut bəkməzinin hazırlanması

Min bir dərdə dərman olan tut bəkməzinin hazırlanması backend

Tut bəkməzi ən çox tanınan, bişirilən və istifadə edilən bəkməz növüdür.

Xalq arasında deyimə görə, bu məhsul 72 dərdə dərmanıdır.

Tutdan hazırlanan, xüsusilə gün enerjisilə başa gələn bəkməzi (doşab, bəhməz də deyilir) keyfiyyətli hazırlamaq üçün günlərlə vaxt tələb olunur. Bu çətin və uzun prosesi Sputnik Azərbaycan-a Qazax rayon Kosalar kənd sakini Dilşad Əlimərdanova danışır.

"Bəkməzin hazırlanması ailə üzvlərinin səfərbər olunaraq tutun çırpılmasından başlayır. Bəkməz üçün tutun suyu lazım olduğundan, onun tam yetişməyi gözlənilir. Bundan sonra çırpılan məhsul qazanlara doldurularaq suyunu çıxarmaq üçün ocağa qoyulur. Şirənin cecədən ayrılması üçün davamlı qaynadılır. Bu zaman nəzarət etmək lazımdır ki, qaynayıb daşmasın. Qaynadıldıqdan sonra oddan düşürülən qazanın bir müddət soyuması gözlənilir. Soyuduqdan sonra cecədən çıxarmaq üçün süzülür. Bundan sonra alınan şirə isə çöküntüdən təmizləmək üçün yenidən qaynadilir və daha xırda gözlü süzgəcdən keçirilir. Sonrakı mərhələdə isə alınan şirə nisbətən qatılaşana kimi qaynadılır və qaynadıqca kəfi alınır".

Dilşad xanım bir çoxlarının bəkməz hazırlayarkən şirəni yalnız bir dəfə, tam qatılaşana qədər qaynatdığını deyir. O, hazırladığı bəkməzi isə 3 dəfə — cecədən çıxarmaq, çöküntüdən təmizləmək, 3-cü dəfə isə kəfini almaq üçün qaynatdığını bildirir. Bununla da prosesin tamamlanmadığını deyir: "Üçüncü qaynamadan sonra məhsulu ləyənlərə tökərək günün qabağına qoyuruq. Günün istiliyindən asılı olaraq, günəş enerjisini alana və tam qatılaşanadək 3-5 gün saxlanılır. Bu üsulla hazırlanan bəkməzin rəngi nisbətən açıq, dadı şirin və daha keyfiyyətli olur. Heç vaxt qıcqırmır və uzun illər saxlamaq mümkün olur".

Bəkməzin faydalarına gəlincə isə Dilşad Əlimərdanova onun ən çox qan azlığında istifadə olunduğunu deyir. Bundan başqa mədə-bağırsaq xəstəlikləri, nəfəs yolu xəstəlikləri, soyuqdəyməyə qarşı çox effektivdir. Onun sözlərinə görə, bəkməzdə saxaroza deyil, fruktoza olduğundan onu şəkərli diabet xəstələri də istifadə edə bilir.
Diaspora