“Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilib

“Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilib backend

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyəti, Polis İdarəsi və rayonun Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə geniş məlumat verərək yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində aparılan işlər barədə danışıb.

Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Qalib Məmmədov çıxış edərək narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsi və bu sosial bəlanın yayılmasının qarşısının alınması, zərərli vərdişə mübtəla olanların müalicə edilərək sağlam həyata qaytarılması tədbirləri haqqında söhbət açıb və gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflərini bildiriblər.

Sonra qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran suallara cavablar veriblər.
Diaspora