Helmintlər insan və heyvan orqanizmində - bağırsaq, qaraciyər və digər daxili orqanlarda yaşaya bilən qurdlardır və onların 300-dən çox növü var.
Hər bir helmintin özünəməxsus həyat tərzi var. Tibbi əhəmiyyəti olan helmintlərin böyük əksəriyyətinin cinsi yetişmiş forması insan bədənində yaşayır. Mayalandıqdan sonra qurdlar öz yumurta və sürfələrini xarici mühitə tökür, bundan sonra onların inkişafı iki yolla gedir. Bundan asılı olaraq qurdlar iki qrupa bölünür: geohelmintlər ("geo" - torpaq deməkdir) və biohelmintlər ("bio" - canlı).Geohelmintlər torpağa düşür, bir müddət inkişaf edərək invazion, yəni yoluxdurucu formaya çevrilir. Həmin yetişmiş yumurta və sürfə alimentar və ya perkutan (dəridən) yolla insan bədəninə daxil olur. Biohelmintlərdə isə xaricə tökülmüş yumurta orada inkişaf edə bilmir, çünki bir müddət qaldıqda məhv olur. İnkişaf edib invazion olması üçün o mütləq başqa bir canlının (inək, donuz, balıq və s.) bədəninə daxil olmalıdır. İnsan belə canlının ətini çiy və ya yaxşı bişməmiş halda yedikdə oradakı invazion sürfələri qəbul edib yoluxur.
Uşaqlar arasında yayılmış enterobius yumurtalarının xarici mühitdə inkişafına ehtiyac olmur. 28-56 gün yaşayan bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir hissəsinə bənzəyir. Enterobius, yəni uşaq bizquyruğu anusdan çıxdıqdan sonra perianal büküşlərə öz yumurtalarını ifraz edir. 4-5 saatdan sonra həmin yumurtalarda invazion sürfələr yetişir. Həmin yumurtalar güclü qaşınma və qızartı yaradan maddə ifraz edir. Yuxuda uşaq qeyri-iradi qaşınır və qurd yumurtaları insanın dırnağının altına, daha sonra hər tərəfə yayılır. Beləliklə, gecə yumurtalar ifraz edilərsə, səhər xəstənin ətrafında (aralıq nahiyəsində, əlində, yatağında və s.) tam invazion yumurtalar olur. Əgər qurd yumurtaları bir ailə üzvündə varsa, digər ailə üzvlərini yoluxdurur (müalicə zamanı bu nəzərə alınmalıdır).
Helmintozlar zamanı müəyyən simptomatika ilə xarakterizə olunan bir sıra ardıcıl mərhələlər ayırd edilir. Helmintozların kəskin və ya erkən invaziya mərhələsi insan orqanizmində (qan, qaraciyər, ağciyərlər, seroz qişalarda və s.) tez və gecikmiş tipli allergik reaksiyalarla müşahidə olunur.
Aşağıdakı simptomlar qurd xəstəliyindən şübhələnməyə əsas verir:
- Tez-tez, qəflətən başlayan və qəflətən də kəsilən bağırsaq sancıları;
- Dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri;
- Bədən çəkisinin yaş normasından geri qalması;
- İştahanın zəifləməsi, qidaya qarşı ikrah hissi;
- Ürəkbulanma, qusma, ağızdan suyun axması;
- İshal və ya qəbizlik;
- Bəzən nəcisdə qurdların və ya onların hissələrinin görünməsi;
- Tez-tez baş verən tənəffüs yolu və bağırsaq infeksiyaları;
- Yuxunun pozulması, yuxuda dişlərin qıcanması, öskürək kimi əlamətlər.
Qeyd. Bu əlamətlər qurdla əlaqədar olmaya da bilər.
Helmintlərlə yoluxma diaqnozu nəcisin müayinəsində qurd yumurtalarının aşkar edilməsinə əsasən qoyulur.
Uşaqlarda helmintin olmasını, konkret növünü araşdırdıqdan sonra müalicə etmək olar. Bağırsaqda helmintin (qurd və ya parazitin) aşkarlamaq üçün onu bilavasitə güvəcdə (qorşokda), alt paltarında görülməsi və ya laborator olaraq ən dürüst və ucuz yol 1 saat ərzində laboratoriyaya çatdırılan nəcisdə mikroskop altında qurd yumurtalarının aşkarlanmasıdır.
Qan müayinəsinə əsasən qurdların müalicəsi əsaslı deyil. Çünki, bir dəfə də olsa helmintə tutulan insanın qanında anticisimlər tapıla bilər və bu qeyri-informativdir.
Ümumiyyətlə əgər helmintlər, parazitlər insanın səhhətində ciddi problemlər, narahatlıqlar yaratmırsa, müalicə etməyə ehtiyac yoxdur. Onlar bağırsaqda digər canlılar birgə yaşaya bilərlər.
Antihelmint dərman preparatları profilaktik (yəni bilmədən qurdu var ya yox) yalnız ev heyvanlarına təyin edilir.
Qurdu müalicəsi zamanı uşaqla sıx kontaktda olan hər bir kəs müalicə olunmalıdır.
Helmintozların müalicəsi antihelmint dərmanların tətbiqi ilə aparılır. Həmin preparatlar qurdu hərəkətsiz edir, odur ki müalicə dövründə uşağa sürüşkən qidalar (yulaf sıyığı, tərəvəz və meyvələr) təyin edilir ki, hərəkətsiz olan qurdlar orqanizmdən xaric edilsin.
Helmintozların profilaktikası üçün sanitariya - baytarlıq nəzarəti gücləndirilməli və mütəmadi olaraq sanitar maarifi işi aparılmalıdır. Bundan başqa, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, məktəblərdə və uşaq bağçalarında ayaqyollarını müntəzəm dezinfeksiya etmək lazımdır.
Qurdun müalicəsində dərman bitkiləri acizdirlər. Lakin profilaktik( qarşısını almaq üçün) qurdqovucu təsirə malik adi dağtərxunu çiçəyi, ziyilli tozağacı tumurcuğu, uca andız kökü, adi yovşan otu tətbiq edilə bilər.
Saglamolun.Az