Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.
Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən sərkərdələr, siyasət və ədəbiyyat xadimləri əziyyət çəkiblər. Onların sırasında məşhur sərkərdələr Makedoniyalı İsgəndər, Yuli Sezar, görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları da olub. Bəlkə elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar.Qaziler.az-ın məlumatına görə, AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, hazırda dünyada epilepsiyanın yüngül və ağır formalarda 7 milyona yaxın daşıyıcısı var. Xəstəliyin meydana çıxmasında irsi amillər böyük rol oynayır.
Epilepsiya beynin xronik xəstəliyidir, yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən bir sahəsində - epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır. Xəstəliyin səbəbləri kəllə-beyin travmaları, meningit, ensefalit, insult, dağınıq skleroz, alkoqolizm, narkomaniya, toksiki zob, qaraciyər xəstəlikləri, revmatizm, artıq miqdarda insulin qəbulu və kalsium çatışmazlığı ilə əlaqələndirilir.
Epileptik tutmalar xəstəliyin ən təhlükəli məqamı sayılır və xəstələrin üçdə ikisi 18 yaşına qədər azı bir dəfə buna məruz qalır. Yüngül hallarda xəstə ətraf mühitlə əlaqəni itirir, onun yanında olanlar bəzən bunu hiss etmir, xəstə isə belə bir hal keçirdiyini xatırlamır. Ağır hallarda huşun itirilməsi ilə əzələlərın qıcolması başlayır, hətta dilin qatlanması ölümə səbəb olur. Həmin xəstələrdə tutmadan əvvəl baş verən aura zamanı epileptik ocağın beynin hansı hissəsində yerləşməsindən asılı olaraq hərarətin yüksəlməsi, oyanıqlıq, narahatlıq, bəzən qəribə qoxuların duyulması və ya göz önünə sayrışan işıqların gəlməsi halları yaranır. Xəstə çox vaxt arxası üstə yıxılır, başı arxaya əyilir, tənəffüs və qırtlaq əzələləri qıc olur, qıcolma tədricən üz, gövdə və ətrafların əzələlərinə yayılır. Bir müddət sonra tənəffüs dayanır, üzdə göyərmə və şişkinlik əmələ gəlir, göz bəbəkləri genəlir.
Həmin hallarda xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir. Epileptik tutma başlayanda xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzatmaq, dilinin dişləri arasında qalıb zədələnməməsi üçün qaşığı dəsmala büküb çənə arasında saxlamaq lazımdır.
Epilepsiya xəstələri çox sərnişin olan ictimai nəqliyyata minməməli, əhalinin sıxlıq təşkil etdiyi qapalı məkanlardan uzaq olmalı, kompüter və televizor qarşısında çox oturmamalı, mobil telefonla çox danışmamamlı, antihistamin, antidepressant, yod tərkibli dərmar və anestetiklərdən istifadə etməməlidirlər.
Epilepsiyanın təbii vasitələrlə müalicəsi
Xəstəliyin müalicəsində bir sıra dərman bitkilərindən istifadə olunur.
- İki xörək qaşığı xırdalanmış pion kökü 3 stəkan qaynar suda 30 dəqiqə dəmlənir, gündə 3-4 dəfə yeməkdən bir neçə dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. İki xörək qaşığı xırdalanmış yovşan kökləri üzərinə 500 millilitr kvas əlavə edilərək 5 dəqiqə qaynadılır, süzüləndən sonra gecə yatmazdan əvvəl isti halda içilir. Bir çay qaşığı quru lavanda çiçəkləri 1 stəkan suda 1-2 dəqiqə qaynadılır, ocaqdan götürülərək yarım saat dəmlənir. Dəmləmə 2 ay gecə yatmazdan əvvəl 1-2 xörək qaşığı qəbul edilir. Lavanda çiçəkləri ilə müalicəni 2 həftə fasilə verməklə ilboyu aparmaq olar.
- Bərabər miqdarda damotu, adi yovşan, acı yovşan, qaraqınıq, yağıotu (kiprey), quşqonmaz, bulaqotu, bozaqgülü, meşə lərgəsi, dalamaz, xardal kökü, cəbrayılotu kökü və pion kökü qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə edilərək gecə boyu dəmlənir, səhər süzülür. Gün ərzində hər dəfə yeməkdən əvvəl 3-4 dəfəyə içilir. Hər gün təzə dəmləmə hazırlanır.
- Bir xörək qaşığı quru ot 300 millilitr qaynar suda 15 dəqiqə dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.
- Öksəotunun xırdalanmış budaq və meyvələrindən 1 xörək qaşığı 1 stəkan suda dəmlənir və gündə 3 dəfə 1 xörək qaşığı içilir. Yaxud, 25 qram xırdalanmış öskəotu 100 millilitr spirtdə 10 gün saxlanır və süzüləndən sonra gündə 3 dəfə 30 damcı qəbul edilir. İki xörək qaşığı ot 2 stəkan qaynar suda 1 saat dəmlənərək süzülür, gündə 4 dəfə yarım stəkan içilir.
- On hissə qaraqınıq otuna 1 hissə pişikotu kökü, hərəsindən 3 hissə ladankolu və çobandüdüyü otu, hərəsindən 2 hissə cökə, öksəotu, dağtərxunu çiçəkləri, bənövşə otu və dəmrovotu əlavə olunur. Qarışıqdan 2 xörək qaşığı 1 litr suda 10 dəqiqə vam ocaqda qaynadılır, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan qəbul edilir.