Beyni gücləndirən ən təsirli - QİDALAR

Beyni gücləndirən ən təsirli - QİDALAR backend

İnsan 30 yaşını keçdikdən sonra beyni yaşlanmağa başlayır. Bu da yaddaş problemləri və alzeymer xəstəliyi olaraq özünü büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır.


Türkiyəli professor doktor İlhan Elmacı beyinə yaxşı təsir edən qidalar haqqında məlumat verib. Publika.az həmin məlumatları təqdim edir:

Fol turşusu

Bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələri də qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir edir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemədikdə beyindəki hüceyrələrin sayı azala bilər. Beyni qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli maddələrdən biri fol turşusudur. İnsan beynində inkişaf o hələ ana bətnində olarkən başladığından, hamilələr fol turşusu ilə zəngin qidalanmalıdırlar.

Fol turşusu yetkin insanlar üçün də əvəzedilməzdir. Alzeymer və yaddaş itkisinə qarşı fol turşusu ilə zəngin paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar yemək çox önəmlidir.

Karbohidrat


Beynin enerji qaynağı qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asılı olaraq, müəyyən problemlər baş verə bilər. Şəkər və karbohidrat beyin üçün faydalı olsa da, onları sağlamlıq üçün yararlı qidalar siyahısına daxil etmək lazım deyil. Çünki həddən artıq karbohidrat, şəkər və yağ əsəb sistemini poza və beyinə qalıcı zərər verə bilər.

Paxla, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə banan, yağsız süd və qatıq yeyin.

B vitamini

B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini ehtiva edən qidalar beyni yaşlanmaqdan qoruyur, sinir sisteminə yaxşı təsir edir.

Ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda bol miqdarda B vitamini var.

Yumurta

Beyin üçün faydalı maddələrdən biri də “kolin”dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir. Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.



Badam

E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

Üzüm


Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar.

Tərkibində bol miqdarda “bor” turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.

Göyəm


Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlər çoxlu miqdarda antioksidant ehtiva edirlər. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir, beyni stressin zərərli təsirindən qoruyur.

Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?

*Spirtli içkilər
*Fast-food
* Çox duzlu qidalar
*Rafinə edilmiş zülallar
*Həddən çox şəkər

Diaspora